Məzmuna keç

“Mobil əhali” tətbiqi istifayə verildi

"Mobil əhali" tətbiqi istifayə verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova "Rəqəmsal ədliyyə yenilikləri" adlı tədbirdə çıxış edərkən məlumat verib.

O bildirib ki, tətbiq həm ölkə daxilində, həm xaricdə yaşayan şəxslərin məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları daha tez və rahat şəkildə əldə olunmasını təmin edir.

"Tətbiq sadə və vətəndaşlar üçün anlaşılan formada hazırlanıb. Vətəndaşlardan müraciət daxil olduqda həmin müraciət operatorlar vasitəsilə ədliyyə əməkdaşına yönləndirilir. Sənəd hazırlanarkən vətəndaş barəsindəki məlumatlar kağız daşıyıdakı məlumatlarla da uzlaşdırılır. Daha sonra sənəd tərtib olunur və elektron imza ilə imzalanaraq vətəndaşa təqdim olunur. Tətbiq vasitəsilə vətəndaşlar hazırkı icra müddətindən daha tez müddətdə sənədləri əldə edəcəklər. Eyni zamanda, həmin sənədi sonradan kağız daşıyıcıda da əldə etmək mümkündür", – deyə R.Kərimova qeyd edib.

İdarə rəisi, həmçinin bildirib ki, vətəndaş özünə aid fərdi məlumatlarda dəqiqləşdirmələr aparmaq istədikdə tətbiq vasitəsilə məlumatların dürüstləşdirilməsi üçün dövlət orqanlarına müraciət edə bilər: "Artıq bu tətbiqinə 400 mindən çox istifadəçi var".

Xəyalə Bünyatova