Məzmuna keç

Əli Nəsirli: “Özbəkistan vəkilləri azərbaycanlı həmkarlarının təcrübələrindən faydalanmalıdır”

"Azərbaycan Respublikası Vəkillər Kollegiyası geniş təcrübəyə malikdir və hesab edirəm ki, biz bu təcrübədən faydalanmalıyıq".

Bunu e-huquq.az-a açıqlamasında tanınmış azərbaycanlı vəkil, Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü Əli Nəsirli deyib.

O bildirib ki, Azərbaycan və Özbəkistan vəkilləri arasında təcrübə mübadiləsi genişləndirilməlidir.

"Noyabrıb 4-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində «Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi» mövzusuna həsr olunmuş II Beynəlxalq Vəkillər Konfransında baş tutdu. Beynəlxalq təşkilatların və 20-dən çox ölkənin vəkillər kollegiyalarının nümayəndələrinın iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının geniş nümayəndə heyəti də iştirak etdi. Bu konfransda cənab Anar Bağırovu və bir çox vəkilləri yaxından tanımaq imkanım oldu. Çox faydalı müzakirələr apardıq. Özbəkistan Vəkillər Palatasının sədri Alim Ernazarov və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qərar aldılar ki, ölkələrimiz arasında vəkillik sahəsində təcrübə mübadiləsinin aparılması üçün dostluq cəmiyyəti yaradılsın. Həmsədr kimi isə Özbəkistan tərəfdən mən, Azərbaycan tərəfdən tanınmış vəkil Muxtar Musfafayev təyin olundu. Hesab edirəm ki, bu əməkdaşlıq öz faydasını verəcək. Çünki həqiqətən də azərbaycanlı vəkillərdən öyrənə biləcəyimiz çox şey var", – deyə Ə.Nəsirli qeyd edib.

Tanınmış vəkil dekabrın 6-da baş tutan Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı barədə də təəssüratlarını bölüşüb: "Bu konfransa dəvət olunmağım məni çox sevindirdi və böyük məmnuniyyətlə iştirak etdim. Əminliklə deyə bilərəm ki, konfrans çox yüksək səviyyədə təşkil olunmuşdu və konfrans zamanı baş tutan seçkilər şəffaf və demokratik şəraitdə keçirildi. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov açıq səsvermə nəticəsində yenidən bu vəzifəyə seçildi. Ötən 5 ildə görülən işlər, aparılan islahatlar sübut edir ki, Anar müəllim çox peşəkar insandır və onun növbəti dəfə bu vəzifəyə seçilməsi Azərbaycan vəkilliyinin daha da inkişaf etməsinə gətirib çıxaracaq".