Məzmuna keç

Sülhə əngəl yaradan sülhməramlılar

Artıq ikinci gündür ki, Laçın-Şuşa yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri aksiya keçirirlər.

2022-ci il 3-7 dekabr tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Etirazçıların tələbləri odur ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir. Lakin general Volkov görüşməməkdə qətiyyətli görünür, əksinə, o, sülhməramlıları iriçaplı silahlarla, zirehli texnikalarla geyindirib-kecindirib dəstə-dəstə dinc aksiyaçıların üstünə göndərir. Yaranmış gərginliyə, Laçın yolunun bloklanmasına baxmayaraq, rusiyalı general eko-fəallarla görüşməməkdə hələ də israr edir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli bəyanata əsasən, bölgəyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının əsas vəzifələrdən biri məsuliyyət zonasında yaranmış mürəkkəb vəziyyətlərin aradan qaldırılmasına yardım etmək, bölgədə davamlı sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verməkdir. Lakin general Volkovun Laçın yolunda dinc aksiyaçılarla görüşdən qaçması sülhməramlıların fəaliyyətinə dair əsaslı şübhələri daha da gücləndirir. Bu, onu göstərir ki, Andrey Volkov gərginliyin aradan qaldırılmasında maraqlı deyil, əksinə, aksiyanın davam etməsini, humanitar məqsədlər üçün ayrılmış Laçın dəhlizinin qapalı qalmasını, ermənilərlə azərbaycanlılar arasında anlaşmazlıqların davam etməsini istəyir.

General Volkovun əraziyə gəlməyərək, gərgin situasiyanı saxlamağa çalışması onun üçüncü tərəfin maraqlarına xidmət edən bu prosesin iştirakçısı olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlılardan gözlənti separatçılar üçün qalxan rolu oynamaq deyildi. Onların vəzifəsi məsuliyyət daşıdıqları bölgədə hər kəsi, bütün mülki şəxsləri qorumaq, dincliyin, sabitliyin və sülhün saxlanılmasına töhfə verməkdir. Son proseslər fonunda sülhməramlıların bölgədə separatçı fəaliyyətlərin hamisinə və qarantına çevrildiyi hiss olunur. Bu qərəz nəinki sülhə xidmət edir, hətta tərəflər arasında ədavəti dərinləşdirir.

Rusiya sülhməramlı kontingentinin komandanlığının ölkəmizə qarşı bu cür qərəzli mövqeyi açıq müstəviyə keçib və bu fonda general Volkov iddia edir ki, sülhməramlılara qarşı kampaniya aparılır.
Əslində, onun aksiyaçılarla görüşdən qətiyyətlə imtina etməsi deməyə əsas verir ki, sülhməramlı kontingentin fəaliyyətinə kölgə salan başlıca amil general Volkovun özüdür. Generalın bu yolla bölgədə gərginliyin saxlanılmasına töhfə verməyə çalışması sübut edir ki, o, hazırkı gərginlikdə maraqlıdır və ya maraqlı tərəflərin planının, bu prosesin iştirakçısıdır. Bu, bir daha göstərir ki, Rusiya sülhməramlıları nə öz vəzifələrini yerinə yetirməkdə, nə də bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməkdə maraqlıdır və onlar öz vəzifələrinə zidd fəaliyyət göstərirlər. Ehtimal ki, Volkov hələ dünən aksiya keçirilən əraziyə gələrək eko-fəallarla, QHT nümayəndələri ilə görüşsəydi, aksiya başa çatardı və vəziyyət bu qədər gərgin hal almazdı. Lakin o, əraziyə gəlməməkdə hələ də qərarlıdır və görünür, şəxsən Laçın dəhlizi üzərində gərginliyin qalmasında, yolun bloklanmasında maraqlıdır. Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulub, beynəlxalq ekoloji cinayət törədilib. Müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalıb və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərib.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir. Bütün bu baş verənlərə etiraz olaraq insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan halların aradan qaldırılmasına haqlı narazılıqlıgımızı bildiririk. Dünya ictimaiyyətini, beynəlxalq qurumları və beynəlxalq hökumət təşkilatlarını insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə dəvət edirik. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əks edilib. Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub. Hazırda bizim qanunvericilikdə Azərbaycan vətəndaşlarının ora daxil olması ilə bağlı hər hansı bir qadağa yoxdur.

Azərbaycan xalqı Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləyir. Sülhməramlıların belə yanaşmaları beynəlxalq hüququn normalarına, xüsusilə də ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmətsizlikdir.

Şaiq MİRZƏYEV,

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru