“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun 28 dekabr 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Ölkəmizin sosial həyatında, insanların hüquq və azadlıqlarının müdafiəsində, habelə ədalət mühakiməsinin həyata keçirilməsində, bununla da cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında Azərbaycan vəkilliyinin özünəməxsus yeri və rolu danılmazdır.
Son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm işlər görüldüyünün şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkilliyin inkişafına, bu sahədə atılan addımlarda daha uğurlu nəticələr əldə edilməsinə səbəb olmuşdur. Bunlara Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlərin görülməsi, ixtisas imtahanlarının və vəkillərin ixtisasının artırılması ilə bağlı təlimlərin mütəmadi keçirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması bariz nümunədir.
Həmin Sərəncamın qəbulundan ötən müddət ərzində bir çox vəkil büroları təsis edilmiş, bəzi vəkil sorğularının elektron qaydada göndərilib dərhal cavab alınması və vəkillərə məhkəmə ekspertizasının aparılmasına dair sifarişlərin verilməsi imkanı yaradılmış, aztəminatlı ailələr üçün müntəzəm olaraq ödənişsiz hüquqi yardımlar keçirilmiş, eyni zamanda xəstəlikdən əziyyət çəkən vəkillərə və 2-ci Qarabağ müharibəsində iştirak edən vəkillərin üzvlük haqqından azad edilməklə hər birinə maddi yardım göstərilmiş, hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil edilmişdir.
Vəkillik peşəsinin uğuru olaraq 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasi rəsmi olaraq AEA-EAL-a üzv qəbul edilmişdir.
Bundan başqa Vəkillər Kollegiyasının üzvü UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun səyi nəticəsində qazanılmış bu uğurlar vəkillik institutuna, vəkillik peşəsinə, biz vəkillərə nə qədər diqqət ayrıldığını, qayğı göstərildiyini əyani şəkildə sübut edir. Kollegiya sədrinin “Mən hər bir vəkilin vəkili olacam!” vədi hər bir vəkil üçün bu yolda daha güvənli addımlar atmaq üçün stimuldur.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin “Vəkil günü” peşə bayramı kimi təsis edilməsi vəkillik institutuna verilən yüksək dəyərdir.
Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovu 06 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında yenidən Vəkillər Kollegiyasının sədri seçilməsi münasibətilə, həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və İntizam Komissiyasına üzv seçilmiş həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm.
Leyla Hüseynova,
“Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili
