Məzmuna keç

Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirildi –

Dekabrın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov Heyətə yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb. O, yeni üzvlərin öz bilik və bacarıqları ilə vəkilliyin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.

"Bizim əsas məqsədimiz Azərbaycanda vəkillik peşəsini tanıtmaq idi. Çox təəssüf ki, 2018-ci ilədək Vəkillər Kollegiyası təşkilat olaraq tanınmamışdı. Kollegiya nə ölkə səviyyəsində, nə də beynəlxaq səviyyədə özünü tanıda bilmişdi. Son 5 il ərzində bizim əsas hədəfimiz ondan ibarət olub ki, ölkəmizdə vəkillik peşəsi tanınsın, eyni zamanda vəkilliyə maraq artsın. Gənclər, yeni nəsil hüquqşünaslar vəkilliyə üz tutsun. Vəkillər Kollegiyası institutisional baxımdan güclənsin, nüfuzu artsın. Zənnimcə, biz bütün bu hədəflərə nail ola bilmişik. Təbii ki, dövlətin, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi olmadan bütün bunlara nail olmaq qeyri-mümkün olardı. Biz hər zaman bu dəstəyi, qayğını hiss etmişik. Məhz bunun nəticəsində vəkilliklə bağlı çox ciddi normativ hüquqi aktlar qəbul olunub və biz bu gün də bu işi davam etdiririk, yeni layihələr hazırlayırıq. Çalışacağıq ki, növbəti 5 ildə vəkillik fəaliyyətində mövcud olan boşluqlar aradan qaldırılsın, vəkillər daha peşəkar və sərbəst formada fəaliyyət göstərə bilsinlər. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız mövcuddur", – deyə sədr qeyd edib.

Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 5 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

Bundan başqa, iclasda "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi", "Gənc vəkillər komitəsi" və "Fərdi vəkillərin koordinasiyası komitəsinin təsis edilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilib.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova "Ekosid" cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi barədə məruzə ilə çıxış edib.

İclasda, həmçinin Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvlərinin yeni tərkibi təyin edilib. Belə ki, vəkillər Hüseynov Turqay İmamqulu oğlu, Həsənov Fərid İzafət oğlu, Məhərrəmov Oktay Əvəz oğlu, Rüstəmzadə Ayxan Xankişi oğlu, Mirzəyev Şaiq Səyyad oğlu Komissiyanın yeni üzvləri kimi təyin olunub.

Eyni zamanda iclasın gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılıb.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilib.