Məzmuna keç

Deputat: “Prezident Ermənistana və onun havadarlarına önəmli mesajlar verdi”

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi hər bir müsahibə ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. O, sonuncu müsahibəsində də Azərbaycan cəmiyyətini maraqlandıran, xalqı narahat edən bir çox suallara aydınlıq gətirdi. Prezident bu müsahibədə iqtisadiyyat, sosial sfera, ordu quruculuğu, təhlükəsizlik, Azərbaycan və Ermənistan arasındakı münasibətlər, beynəlxalq münasibətlər sistemi, nəqliyyat-logistika sahəsində görülən işlər, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycanın rolu və mövqeyi, həyata keçirilən transmilli layihələr, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə suallara cavab verdi. Sadaladığım sahələrin hər biri Azərbaycanın gələcək inkişafı üçün çox önəmli sahələrdir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, dövlət başçısının müsahibədə Qərbi azərbaycanlıların hüquqlarından danışması xüsusi əhəmiyyət kəsb edir: "Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması ilə bağlı məsələnin beynəlxalq arenaya çıxarılması strateji bir ideyadır. Nəzərə alsaq ki, cənab Prezident heç vaxt icrası mümkün olmayan layihələrə imza atmır. O, hansı ideyanı səsləndirirsə, hansı məsələləri planlaşdırırsa, o məsələləri icra edir. Bu baxımdan beynəlxalq birlik də, Ermənistan da dərk edir ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür. Hesab edirəm ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı zamana bağlı məsələdir. Düşünürəm ki, yaxın vaxtlarda biz bunun şahidi olacayıq. Cənab Prezident bildirdi ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına qayıtması Ermənistanın da dövlət maraqlarına cavab verir. Çünki regionda Ermənistan yeganə dövlətdir ki, monodövlət statusu alıb. Bu baxımdan Ermənistan özü maraqlı olmalıdır ki, bizim soydaşlarımız ora qayıtsın. Digər tərəfdən, Prezident qeyd etdi ki, Qərbi azərbaycanlıların bir zamanlar yaşadıqları ərazilər hazırda boşdur. Orada hər şey dağıdılıb və həyat yoxdur. Azərbaycan orada həyatın bərpası üçün əlində olan bütün imkanlardan istifadə edəcək".

Müsahibədə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi ilə bağlı Prezidentin fikirlərinə toxunan N.Məhəməliyev qeyd edib ki, müharibədən ötən iki il ərzində Azərbaycan zaman-zaman bu məsələləri qaldırsa da, Ermənistan tərəfi hər dəfə müxtəlif bəhanələrlə yayınmağa çalışıb: "Ancaq Azərbaycan Ordusunun yaratdığı yeni reallıqları nəzərə alsaq, indi biz bu məsələnin üzərinə getməyə də bilərik. Bu baxımdan ölkə başçısı çox düzgün ifadə etdi ki, sərhədlərin delimitasiya və demarkasiya məsələləri daha çox Ermənistanın özünə lazımdır. İndiki halda vəziyyət bizi qane edir, biz öz istədiyimiz yerdən sərhədləri çəkirik. Bu baxımdan Prezident qeyd etdi ki, biz iki il ərzində Ermənistana təyziq edirdik, Ermənistanla danışıqlarda sənədlərin delimitasiya və demarkasiya məsələlərini qaldırırdıq və Ermənistan bundan yayınırdı. İndi Ermənistan özu məcbur olacaq ki, sərhədlər müəyyənləşdirilsin və onun nəticəsi olaraq sülh müqaviləsi imzalansın.”

"Cənab Prezident müsahibədə müdafiə sənayesi kompleksində aparılan yenidənqurma islahatlarından danışdı və 30-a yaxın ölkəyə bizim müdafiə sənayesi məhsullarımızın ixracı ilə bağlı məlumatlar verdi. Bütün bunlar hamısı önəmli məsələlərdir. Bunlarla bərabər, dövlət başçısı ordu quruculuğuna ayrılan diqqətdən, ordu quruculuğunda NATO standartlarına üstünlük verilməsindən, Azərbaycan Ordusunun Türkiyə ordusu modelində formalaşması istiqamətində gürülən işlərdən, bu sahədə xüsusi təyinatlıların sayının iki dəfəyədək artırılmasından və bu prosesin daha da artan dinamika üzrə aparılacağından danışdı", – deyə deputat qeyd edib.

N.Məhəməliyevin sözlərinə görə, Prezident Ermənistanın yenidən silahlanması məsələsinə toxunaraq Ermənistana və onun havadarlarına xüsusi mesajlar verib: “Dövlət başçısı bildirdi ki, yeni silahlar alması Ermənistana kömək etməyəcək. Əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə var, bu təhlükəni dərhal dəf edəcəyik. Əgər Ermənistan təkrar səhvə yol versə, bu onlar üçün faciə ilə nəticələnəcək. Təbii ki, bu mesaj İrəvanla yanaşı, onları müharibəyə təhrik edən qüvvələrə də bir xəbərdarlıq idi. Prezident, həmçinin üçüncü müharibənin olmayacağına əminliyini vurğuladı. Lakin bununla yanaşı, lokal şəkildə hansısa müharibələr, toqquşmalar olacağı halda, Ordumuzun Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcəyini qeyd etdi".

Deputat, həmçinin deyib ki, Prezident müsahibədə ölkəmizdə aparılan islahatlar, dövlət idarəetmə sistemində yeni idarəetmə modelinin tətbiq olunacağı barədə də anons verib: "Uzun illər icra struktrunda çalışan bir insan kimi deyə bilərəm ki, bu da artıq zamanın bir tələbidir. Çünki artıq Azərbaycanda yerli icra hakimiyyətləri strukturu özünü doğrultmur, müasir zamanla ayağlaşa bilmir. Prezidentin yerlərdəki xüsusi nümayəndələri daha çox hər hansı bir neqativ proseslərdə adları hallanmamış kadrlarla möhkəmlənir. Bu da təbii ki, məmur-vətəndaş münasibətlərinin sivil formada təşkil olunmasında əhəmiyyətli rol oynayır. Bütün bunlar Azərbaycan dövlətinin, onun rəhbərinin apardığı siyasətin nəticəsidir. Fakt odur ki, Azərbaycan dövləti iqtisadi cəhətdən günü-gündən inkişaf edir, güclənir, hər hansı bir kənar dəstək olmadan müstəqil şəkildə öz problemlərini özü həll edir. Yəni Azərbaycanın digər beynəlxalq təşkilatlardan, hansısa bir ölkədən aslılığı yoxdur. Bu da imkan verir ki, Azərbaycan müstəqil siyasətini öz dövlət maraqlarına, öz milli maraqlarına uyğun şəkildə aparsın. Bütün bunlar bir daha xalqımızda əminlik yaradır ki, Azərbaycan doğru yoldadır, Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır. Təbii ki, bu da ölkə başçısının şəxsi nüfuzu, onun apardığı çoxvektorlu siyasətin məntiqi nəticəsidir".

Eltac Nurullazadə