Kanada Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərin ehtiyacları üçün 10 milyon dollar yardım göndərməyə qərar verib.
E-huquq.az "Anadolu"ya istinadən verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Harjit Sajjan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, federal hökumət əlavə yardım və xilasetmə əməliyyatlarında dəstək üçün xüsusi qrup göndərməyi planlaşdırır.
Zəlzələ qurbanlarının ehtiyaclarını müəyyən etməyə çalışdıqlarını deyən nazir, "Zəlzələ bölgələrində çalışan BMT qruplarından məlumat alırıq" – deyə qeyd edib.
Qeyd edək ki, Kanadanın "Rogers" və "Telus" adlı mobil operatorları abonentlər üçün Türkiyəyə edilən zəngləri pulsuz edib. Hər iki şirkət sosial media səhifələrindən açıqlama yayaraq fevralın 28-dək Türkiyəyə ediləcək zənglərin ödənişsiz olacağını qeyd edib. "Telus" həmçinin SMS yardım sistemi ilə hər mesaj üçün 20 Kanada dolları ianə kampaniyası başladıb. Toplanan yardımlar Türkiyədə zəlzələdən zərər çəkənlərə göndəriləcək.
Eltac Nurullazadə
