Məzmuna keç

Quterreş: “Türkiyə xalqı ilə tam həmrəyik”

“Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində BMT sistemini aktivləşdirmək üçün hər şeyi edirik".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş deyib.

O, Nyu Yorkda Türkiyədə baş verən zəlzələlərlə əlaqədar açılan başsağlığı kitabını imzalayıb.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə o kitabda yazıb.

Quterreş BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffitsin Türkiyədə baş verən zəlzələ ilə əlaqədar hazırda Qaziantepdə olduğunu və oradan Suriyanın zəlzələdən zərər çəkmiş Hələb şəhərinə gedəcəyini bildirib.

"Suriyada hələ də müharibə vəziyyəti var, amma Türkiyə xalqı ilə tam həmrəyliyimiz var. Biz BMT sistemini aktivləşdirmək üçün hər şeyi edirik", – Baş kativ qeyd edib.

O, Türkiyəyə səfər edib-etməyəcəyi barədə suala cavabında hazırda belə bir planı olmadığını və əsas məsələnin Türkiyəyə lazım olan dəstəyin göstərilməsi olduğunu deyib.

Eltac Nurullazadə