Məzmuna keç

Aİ Polşanı məhkəməyə verir

Avropa İttifaqı (Aİ) Polşanı Konstitusiya Məhkəməsi tərəfindən Aİ qanunlarını pozduğuna görə məhkəməyə verir.

E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.

Bəyanatda deyilir ki, Avropa Komissiyası Polşa Konstitusiya Məhkəməsinin Aİ qanunvericiliyini və onun presedent hüququnu pozması ilə əlaqədar Aİ-nin ən yüksək məhkəməsində Polşaya qarşı iddia qaldırıb.

Komissiyanın bu addımına səbəb Polşa Konstitusiya Məhkəməsinin 2021-ci ilin iyul və oktyabr aylarında Aİ müqavilələrinin müddəalarının Polşa konstitusiyasına uyğun gəlmədiyi, Aİ qanunvericiliyinin milli qanunlar üzərində üstünlüyünə birbaşa etiraz edən qərarları səbəb olub.

"Konstitusiya Məhkəməsi bu qərarları ilə muxtariyyət, səmərəlilik, Aİ qanunvericiliyinin vahid tətbiqi və Aİ Ədalət Məhkəməsinin qərarlarının məcburi qüvvəsi kimi ümumi prinsipləri pozub”,- deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, Avropa Komissiyasının məqsədi Polşa vətəndaşlarının hüquqlarının qorunmasını və onların bütün Aİ vətəndaşları kimi Aİ-nin üstünlüklərindən istifadə edə bilmələrini təmin etməkdir: "Aİ qanunvericiliyinin üstünlüyü bütün İttifaq ərazisində Aİ qanunvericiliyinin bərabər şəkildə tətbiqini təmin edir”.

İmanverdi Allahverdiyev