Belçikada Türkiyənin zəlzələ bölgəsinə yardım məqsədilə təşkil olunan ianə kampaniyası çərçivəsində 11,6 milyon avro vəsait toplanıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, dünən ölkənin ictimai və özəl radioları da “12-12” konsorsiumu adlanan kampaniyaya qoşulub və gün boyu "İnsanlar insanlara yardım edər" adlı ifa səsləndirib. Gün ərzində 1,8 milyon avro ianə toplanıb.
"Biz bu böyük həmrəyliyə görə ölkədəki media qurumlarına, ayrı-ayrı şəxslərə, şirkətlərə və dövlət qurumlarına təşəkkür edirik", – deyə konsorsiumdan verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, ötən il "12-12" konsorsiumun müharibədən əziyyət çəkən ukraynalılar üçün təşkil etdiyi kampaniyada 29 milyon avro toplanmışdı.
Konsorsium "Caritas International", "Belgian Red Cross", "Handicap International", "Doctors of the World", "Oxfam Belgium", "Plan International" və "UNICEF Belgium" kimi xeyriyyə təşkilatlarından ibarətdir.
İanələr konsorsiumun “BE19 0000 0000 1212” nömrəli hesabına və ya “www.1212.be” internet saytına göndərilə bilər.
Lalə Salmanova
