Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək bildirib ki, respublikamızda qadınlara hörmət və qayğı hələ Ulu Öndər Heydər Əliyevin dövründə diqqət mərkəzində olub. Belə ki, qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm əhəmiyyəti olan “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanların imzalanması, Azərbaycan qadınlarının I qurultayının keçirilməsi və s. bu kimi tədbirlər qadın siyasətinin müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindən olmasının göstəricisidir. Ulu Öndərin siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hal-hazırda Azərbaycan gender siyasətinin reallaşdırılması üzrə silsilə uğurlu tənzimləmələrə imza atmaqda davam edir.
Daha sonra qadınların cəmiyyətdəki rolunun artırılmasında və onlara dəstək göstərilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayan Z.Əliyev Hüquq fakültəsinin xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
