Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş vermiş güclü zəlzələdə zərərçəkən ailəni ziyarət edib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanla birlikdə Çankayada Hülya Çələbinin ailəsində qonaq olub.
Prezidentə məlumat verilib ki, Hülya Çələbi burada iki qızı və onların ailələri ilə birlikdə qalır. Hülya Çələbinin həyat yoldaşı, bir qızı, bir oğlu və nəvəsi zəlzələdə həlak olub.
Ərdoğan təbii fəlakətdən sonra iki dəfə zəlzələ bölgəsinə getdiyini xatırladıb və orada görülən işlərdən danışıb.
Əminə Ərdoğan sosial şəbəkə səhifəsində etdiyi paylaşımda, "Yaddaşlarımıza, qəlblərimizə həkk olunmuş bu fəlakətin ağrılarını ancaq bir-birimizə dəstək olmaqla azalda bilərik. Ankarada ziyarət etdiyimiz Hülya Çələbinin və ailəsinin ağrısını ürəkdən bölüşür, onlara Allahdan səbr diləyirəm", – deyə bildirib.
Lalə Salmanova
