Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Hidro İnşaat Servis" MMC-yə cərimə yazıb
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Hidro İnşaat Servis" səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
