Türkiyədə zorakılığa məruz qalmış qadınlara ödənişsiz hüquqi yardım göstəriləcək.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Vəkillər Kollegiyası və İstanbul Böyükşəhər Bələdiyyəsi arasında memorandum imzalanıb.
Türkiyə Vəkillər Kollegiyasının sədri Filiz Saraç deyib ki, memorandumun imzalanmasında məqsəd qadın hüquqlarının müdafiəsi, qadınlara qarşı zorakılıq və gender ayrı-seçkiliyi ilə mübarizə aparmaqdır. O bildirib ki, qadınların hüquqi maarifləndirilməsi üçün işlər görüləcək və ehtiyac olduqda onlara hüquqi dəstək göstəriləcək.
"Məhkəməyə müraciət etmək istəyən, lakin buna maddi imkanı olmayan qadınları ödənişsiz olaraq vəkillə təmin edəcəyik. Qadınların ədalət mühakiməsinə çatımlığı üçün onların vəkil xidmətindən yararlanması və onlara bərabər imkanların yaradılması vacibdir", – deyə sədr bildirib.
Memorandumun imzalanması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da bildirib ki, bu əməkdaşlıq qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında mühüm rol oynayacaq: "Bu əməkdaşlıq ümumi mübarizəmizi və institusional həmrəyliyimizi daha da gücləndirəcək və genişləndirəcək. Düşünürəm ki, bu təşəbbüs cəmiyyətdə də öz əksini tapacaq”.
Lalə Salmanova
