Məzmuna keç

Quru Qoşunlarının komandanı Baxmut uğrunda döyüşlərin təfərrüatlarını açıqladı

"Baxmut uğrunda döyüşlər davam edir, vəziyyət hazırda nəzarətdədir".

E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır: "Orada düşmən ən böyük səylərini cəmləşdirir və nəyin bahasına olursa olsun, şəhəri nəzarətə götürmək məqsədindən əl çəkmir. Düşmən ağır artilleriyasının fəallığını və hava zərbələrinin sayını artırır. Şəhər xarabalığa çevrilir. Eyni zamanda, əsgərlərimiz düşmənə xeyli itki verir və onların hücum hərəkətləri nəzərəçarpacaq dərəcədə səngiyir”.

Sırski bildirib ki, ruslar eyni anda bir neçə istiqamətdə irəliləyirlər, lakin onların cəhdləri uğursuzluqla nəticələnir: "Düşmənin Kupyansk istiqamətində hücum əməliyyatları keçirməyə cəhdləri olub, lakin artilleriyamızın dəqiq atəşi sayəsində düşmən bölmələri hücuma keçid xəttinə belə çatmadan uğursuzluğa düçar oldu. Liman istiqamətində də düşmənin hərəkətləri uğursuz oldu. Mövqelərimizin dönməzliyi və əsgərlərin cəsarəti sayəsində rusların bütün hücum əməliyyatları keçirmək cəhdlərinin qarşısı alındı".

Şəbnəm Mehdizadə