Məzmuna keç

Deputat: “İdman müəllimlərinin psixoloji vəziyyəti ciddi şəkildə yoxlanılmalıdır”

Aprelin 29-da Sumqayıt şəhərində yerləşən idman məktəblərinin birində 2016-cı il təvəllüdlü Fərid Bakarov dərs zamanı aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, azyaşlı oğlan Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilovun uşağa qarşı etdiyi fənd onun boynunun qırılmasına səbəb olub. Fərid Bakarovun dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı bağlı cinayət işi başlanıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məşq prosesinin videogörüntüləri ötən gün sosial mediada paylaşıldı. Görüntülər onu deməyə əsas verir ki, müəllim sanki bilərəkdən uşaqlarla qəddar rəftar edir. Müəllim təkcə dünyasını dəyişən Fəridə qarşı yox, onunla bərabər məşq edən digər şagirdlərə qarşı da qeyri-peşəkar yanaşması diqqət çəkir. Təəssüf ki, son zamanlar uşaqlara qarşı şiddət hallarının sayı artmaqdadır. Məktəbdə, bağçada, idman zallarında uşaqların müəllimlərin şiddətinə məruz qalması faktlarına tez-tez şahid oluruq.

Bəs görəsən, belə halların qarşısının alınması üçün nə etmək lazımdır?

Milli Məclisin deputatı Ceyhun Məmmədov e-huquq.az-a açıqlamasında ötən gün yayılan görüntülərlə bağlı danışarkən deyib ki, idman klublarının fəaliyyətinə ciddi nəzarət edilməlidir.

“Dünəndən bu mövzu haqlı olaraq ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Belə bədbəxt hadisənin yaşanmasında bir çox faktorların rolu var. Hesab edirəm ki, ilk növbədə bu kimi müəssisələrin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir. Ayrı-ayrı dövlət qurumları hadisə ilə bağlı məlumat yaydı. Lakin yaşanan hadisə göstərir ki, sərt qayda-qanunların olmasına ehtiyac var. İstənilən insan bu kimi fəaliyyətlərlə məşğul olmamalıdır. Belə idman klublarının fəaliyyətinə ciddi nəzarət edilməlidir. O videoya baxanda müəllimin uşaqla çox qəddar, kobud davrandığını görürük. Ona görə də istənilən insanın idman mərkəzi yaradıb, uşaqlara idman dərsi keçməsi hallarının qarşısı alınmalıdır. Əgər bu olmazsa, ciddi problemlər davam edəcək”, – o bildirib.

Deputat hesab edir ki, idman dərsləri verən müəllimlərin peşəkarlığı ilə yanaşı, psixoloji vəziyyəti də ciddi şəkildə yoxlanılmalıdır:“İdman müəllimləri psixoloji testdən keçməlidir. Bu vəziyyəti heç cürə anlamaq, qəbul etmək olmur. Müəllim görür ki, uşaq zədələnib, ayaq üstdə dayana bilmir. Buna baxmayaraq, uşağı ayağa qaldırıb təpikləyir, ona qarşı yaşına uyğun olmayan kobud hərəkətlər, manevrlər edir. Bu hadisə onu göstərir ki, həmin müəllim nəinki öz sahəsi üzrə peşəkar deyil, heç onun psixologiyası da yerində deyil. Gələcəkdə belə halların yaşanmaması üçün indidən həyəcan təbili çalmalı, bu sahəyə nəzarəti daha da gücləndirməliyik. Belə müəssisələr aidiyyəti qurumlar tərəfindən davamlı olaraq yoxlanılmalıdır”.

C.Məmmədov deyib ki, cəmiyyətdə belə neqativ hadisələr həm də təhsilin, dünyagörüşünün, maariflənmənin zəif olmasının göstəricisidir: “Təhsilimizin gücləndirilməsinə ehtiyac var. İnsanların maariflənməsi istiqamətində ciddi iş aparılmalıdır. Bu gün orta və ali məktəblərdə belə bir yanaşma var ki, sanki onların işi təkcə attestat və diplom verməkdən ibarətdir. Belə olan təqdirdə təlim-tərbiyəni kim həyata keçirəcək? Ona görə də kompleks yanaşma ortalığa qoyulmalıdır. Hər şey təhsildən başlayır. Uşaqlarımızın maarifləndirilməsinə, bilgiləndirilməsinə ehtiyac var. Bizim ən çox axsadığımız tərəfimiz budur. Maariflənmə işində ciddi boşluqlar var. Bu nümunədə hadisə ictimailəşdi, bütün ölkə məsələdən xəbər tutdu. Yaşanan hadisə bir daha onu göstərir ki, belə neqativ hallar var. Təəssüf ki, belə hallar gizli qalır, qəsdən və bilərəkdən gizlədilir. Bəzi uşaqlar müəllimlərin şiddətindən fiziki və psixoloji travma alır. Bu travmalar illər sonra həmin uşağın həyatında ciddi problemə çevrilə bilir. Hesab edirəm ki, dövlət qurumlarının üzərinə daha çox məsuliyyət düşür. Təkcə inzibati mexanizmlərini deyil, eyni zamanda maariflənmə işlərini də artırmalıyıq. Bu hadisənin təkrarlanmaması üçün hər birimiz öz məsuliyyətimizi bilməliyik”.

Şəbnəm Mehdizadə