“Dərslər sentyabrın 1-də başlayıb vaxtında bitərsə, uşaqların tətil müddəti də normal tənzimlənər. Bununla həm də bütövlükdə məktəblərin iş rejimi doğru-düzgün qurula bilər”.
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa elm və təhsil naziri Emin Əmrullayevin tədrisin sentyabrın 1-dən başlaması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dərslərin sentyabrın 1-dən başlaması təhsil sisteminin düzgün qurulması baxımından önəmlidir: “Nazir Emin Əmrullayevin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər əslində illərdir bizim qaldırıdığımız tələblərə və təkliflərə verilən reaksiyadır. Çünki biz dəfələrlə Milli Məclisin tribunasından da, sosial şəbəkə vasitələrində də dərslərin sentyabrın 1-də başlamalı olduğuna dair fikirlər səsləndirmişik. Bizim kimi təhsilin geridə qaldığı ölkələr üçün 15 gün vaxt itirmək olduqca vacib məsələdir. Bu, bütün ali və orta məktəblərdə sistemin pozulmasına səbəb olur”.
Deputat hesab edir ki, bu fikir təkcə istək olaraq səsləndirməməlidir: “Belə olan halda hər kəs 1 sentyabrdan səfərbər olur və təhsil sistemimiz də aktiv olaraq öz işinə başlayır. Ona görə də hesab edirəm ki, Bilik gününün sentyabrın 1-i keçirilməsi çox vacibdir. Təhsilimizin inkişafına da bu qərar öz təsirini göstərəcək. Tədris ilinin yay aylarına qədər uzadılmasının heç bir mənası yoxdur. Dərslər vaxtında başlayıb, vaxtında bitərsə, uşaqların tətil müddəti də normal tənzimlənər. Bütövlükdə məktəbin iş rejimi doğru-düzgün qurula bilər. Ona görə də cənab nazirin səsləndirdiyi bu fikri dəstəkləyirəm. Məncə, nazir bu fikri təkcə istək olaraq səsləndirməməlidir. Məsələyə cavabdeh olan qurum kimi, təklifin reallaşması istiqamətində çalışmalıdır. Bu məsələyə ictimai dəstək də lazımdır. Dərslərin sentyabrın 1-də başlaması üçün ictimai sektoru təmsil edən müxtəlif qruplar və şəxslərin hökumətə ayrı-ayrı müraciətləri vacib rol oynaya bilər”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasının daha uyğun olmasına dair fikirlər səsləndirib.
Şəbnəm Mehdizadə
