SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Xızı sahibkarlarının ixtiyarında olub.
E-huquq.az xəbər verir ki, ilk olaraq Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi mikrofon önünə keçərək, aksiyaya üz tutan həm sahibkarların, həm də sakinlərin müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib. Regional İdarənin rəisi vətəndaşları qaz təsərrüfatına dair onları narahat edən problemləri açıq şəkildə səsləndirməyə çağırıb.
Sahibkarlıq subyekti Xasay Rüstəmov qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Digər sahibkarlar da qaz təchizatı ilə bağlı müraciətlərini səsləndiriblər. Daha sonra aksiyaya rayonun Tıxlı, Xələnc, Sitalçay kəndlərindən və Altıağac qəsəbəsindən üz tutan sakinlərin müraciətləri dinlənilib. Ünvanlanan müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi qazlaşma və fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılması ilə bağlı olub. Səsləndirilən hər müraciət Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, araşdırılması üçün qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agetliyinin, həmçinin Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
