Məzmuna keç

BDU-nun Hüquq fakültəsi Kral Xuan Karlos Universitetinin Hüquq məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Kral Xuan Karlos Universitetinin professoru Karlos Uriarte Sançezlə görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, qonağı salamlayan dekan Zaur Əliyev Hüquq fakültəsinin əsas fəaliyyət istiqamətlərini qeyd edərək fakültədə 1500-dən artıq tələbə və magistrantın təhsil aldığını, tədrisin üç dildə aparıldığını, tədris prosesində yeni innovativ metodların tətbiq edidiyini bildirdi və fakültədə fəaliyyət göstərən mərkəzlər, kafedralar haqqında ətraflı məlumat verdi.

Nüfuzlu xarici, o cümlədən Avropa ali təhsil müəssilərinin hüquq məktəbləri ilə əməkdaşlığın vacibliyini vurğulayan dekan Kral Xuan Karlos universiteti ilə gələcək əməkdaşlıq istiqamətlərini qeyd edərək bir sıra təkliflərlə çıxış etdi. Zaur Əliyev 95 yaşlı Hüquq fakültəsinin artıq iki ixtisaslaşma üzrə ikili diplom magistr proqramlarının mövcud olduğunu qeyd etdi və belə bir proqramın Kral Xuan Karlos universiteti ilə də təsis etməyi təklif etdi. Eyni zamanda, əməkdaşlıq çərçivəsində müəllimlərin və tələbələrin mübadiləsi müzakirə olundu.

Hüquq fakültəsində olmaqdan məmnunluğunu bildirən professor Sançez Kral Xuan Karlos universitetinin Hüquq məktəbi haqqında geniş məlumat verdi. O qeyd etdi ki, xarici universitetlər ilə ikili diplom proqramları və digər əməkdaşlıq formaları universitetin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və hal-hazırda universitetdə 44 ikili diplom proqramı mövcuddur. Daha sonra professor Sançez İspaniya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişafı baxımından hər iki ali təhsil müəssisəsinin hüquq məktəbləri arasında əməkdaşlığın labüdlüyünü vurğuladı. Qeyd olundu ki, əməkdaşlığın nəticəsi olaraq tələbələr üçün təkcə hüquq sahəsində deyil, həm də mədəniyyət mübadiləsi və xarici dil biliklərinin inkişafı sahələrində yeni təcrübə almaq imkanları mövcuddur. Belə ki, ispan dilini öyrənmək tələbələr üçün yalnız Avropada deyil, həm də Latın Amerikası ölkələrində işləməyə və təhsillərini davam etdirməyə imkan verəcəkdir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Xuan Karlos Universitetinin Hüquq məktəbi arasında əməkdaşlığın qurulması və ikili diplom proqramlarının təsis edilməsi üçün qarşılıqlı fəaliyyət göstərilməsi barədə razılıq əldə olundu.

Qeyd edək ki, professor Sançez Konstitusiya hüququ və Avropa hüququ sahələrində mütəxəssisdir. Bununla yanaşı, professor Sançez Avropa İttifaqı institutlarında ekspert kimi fəaliyyət göstərir. Kral Xuan Karlos Universiteti 46000 tələbənin təhsil aldığı İspaniyanın beş ən böyük, Madridin isə ikinci ən böyük ali təhsil müəssisəsidir.