Məzmuna keç

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə B2G Forumu təşkil edilib –

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin və "Caspian Energy Club"-un birgə təşkilatçılığı ilə 25 oktyabrda B2G (Biznesdən Dövlətə) forumu keçirilib.

E-huquq.az xəbər verir ki, B2G forum "Caspian Energy Club" tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Bu barədə "Caspian Energy Club"-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli fəxri qonaq qismində iştirak ediblər.

Spiker qismində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli iştirakçılara rəhbərlik etdikləri qurumların fəaliyyəti, cari qanunvericilik sistemi, habelə planlaşdırılan layihələr, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələr və qurumlar tərəfindən göstərilən xidmətlər haqqında geniş məlumat təqdim ediblər.

Daha sonra Vəli Quliyev və Mustafa Abbasbəyli sual-cavab sessiyasında iştirak edib və tədbirə qatılan iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırılıblar.

Mustafa Abbasbəyli iştirakçılara qurumun fəaliyyəti, görülən işlər barədə məlumat verib. Sədr əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində Agentlik tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə əməkdaşlıq edildiyini qeyd edən M.Abbasbəyli işsiz və işaxtaran şəxslərin bilik və bacarıqlarının artırılması, işəgötürənlərin kadr ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb.

“Əmək və məşğulluq” altsisteminin işəgötürənlər və iş axtaran şəxslər üçün üstünlükləri barədə məlumat verilib, altsistemin əmək bazarının bütün iştirakçılarına ciddi dəstək mexanizmi formalaşdırdığı qeyd edilib. Hazırda məzunların reytinqi sistemi üzərində çalışıldığı, sistemin məzunlar və təhsil müəssisələri üçün perspektivli olacağı vurğulanıb.

V.Quliyev layiqli əməyin təmini üzrə ölkəmizdə aparılan islahatlar barədə məlumat verərək “Əmək və məşğulluq” altsisteminin əmək qanunvericiliyinin düzgün tətbiqi, əməyin mühafizəsi və proaktiv nəzarət tədbirlərinin aparılması baxımından yaratdığı imkanlardan bəhs edib, bu imkanların genişləndirilməsi məqsədilə yaxın günlərdə altsistemin bir sıra yeni funksionallıqlarının istifadəyə veriləcəyini vurğulayıb. Eyni zamanda əməyin mühafizəsi sahəsində aparılan işlərə, bu sahədə işğaldan azad edilmiş rayonlarda Minatəmizləmə Agentliyi ilə birgə həyata keçirilən geniş maarifləndirmə tədbirlərinə toxunaraq qeyd edib ki, Xidmətin tabeliyində yaradılmış Əməyin Mühafizəsi Mərkəzi bu istiqamətdə xidmətlərin çeşidlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. O, həmçinin cari qanunvericiliyin təkmilləşdirilməsi və işəgötürənlərə metodiki köməklik üzrə yeni layihələr, yerli və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələr haqqında iştirakçılara məlumat verib.

Daha sonra"Caspian Energy Club"-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Vəli Quliyevə və Mustafa Abbasbəyliyə klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə hər ikisinə təşəkkürünü bildirib.

Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib. Sonda Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.