Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berbokun birgə mətbuat konfransı keçirilib.
E-huquq.az xəbər verir ki, brifinqdə ikitərəfli görüş zamanı müzakirə olunan məsələlər barədə məlumat verilib.
***
21.29
“Bütün faktlara, göstərilən sübutlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ağrılı məqam ondan ibarətdir ki, ərazilərimizin minalanması məsələsini Azərbaycan dövləti daimi olaraq qaldırıb: “Bu faktlar aşkar edilirdi. Laçın yolu üzərində Azərbaycanın tam nəzarəti bərpa edilməyənə kimi Ermənistan bu hərbi cinayətləri intensiv şəkildə davam etdirib. Bunun ağrılı nəticələrinin qarşısının alınması üçün illər çəkəcək. Bütün faktlara, göstərilən faktlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq. Bunun nəyə görə belə olması bəlli suallar doğurur”.
***
20.56
"Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
E-huquq.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
***
20.54
“Azərbaycan dövləti Konstitusiyasına və BMT nizamnaməsinə uyğun hərəkət edib”.
E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
C.Bayramov sentyabrın 19-20-də antiterror tədbirlərini labüd edən amillər barədə həmkarına məlumat verib: “3 il ərzində Azərbaycan davamlı olaraq yüksək təmkin göstərib. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq göstərərək məhdud əməliyyat keçirib. Həmin əməliyyat beynəlxalq hüququn tələblərinə uyğun şəkildə aparılıb”.
Nazir onu da bildirib ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra həmin ərazilərdə beynəlxalq ictimaiyyət üçün şəffaf şərait yaradıb: “Antiterror tədbirlərindən sonra regiona xarici nümayəndələrin səfərləri təşkil edilib. Bir həftə ərzində ABŞ nümayəndə heyəti bölgəyə səfər edib. Bütün qeyd olunan missiyalar ilk dəfə idi ki, həyata keçirilirdi”.
***
20.39
“Azərbaycan Almaniya ilə münasibətlərin inkişaf etməsinə böyük önəm verir”.
E-huquq.az xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Almaniyaya bu il iki dəfə səfər edib: “Bir sıra digər həmkarlarla qarşılıqlı səfərlər və görüşlər keçirilib”.
Nazir bildirib ki, Azərbaycanda 200-dən artıq alman şirkəti fəaliyyət göstərir.
***
20.16
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berbokun birgə mətbuat konfransı başlayıb.
E-huquq.az xəbər verir ki, brifinqdə ikitərəfli görüş zamanı müzakirə olunan məsələlər barədə məlumat verilir.
