"Biz çox xoşbəxtik ki, möhtərəm cənab Prezidentimiz öz Sərəncamı ilə "Vəkil günü"nü təsis etdi".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyev tərəfindən “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında imzalanan Sərəncama münasibət bildirərkən deyib.
A. Bağırov qeyd edib ki, Sərəncam vəkilliyin nüfuzunun artırılması istiqamətində bütün vəkillərə göstərilən böyük bir etimaddır: "Məlum olduğu kimi, vəkillərin peşə bayramı günü hər ölkədə yoxdur. MDB məkanında yalnız Ukraynada belə bir bayram vardı. Və biz MDB məkanında artıq ikinci ölkə olduq ki, orada vəkillərin peşə bayramı qeyd olunacaq. Ümumiyyətlə, rəsmi peşə bayramı peşəyə hörməti göstərir. Cənab Prezidentin Sərəncamı dövlət tərəfindən vəkilliyə olan münasibətin bariz təzahürüdür. Azərbaycan dövləti güclü və nüfuzlu vəkillik üçün bütün lazım olan qərarları qəbul edir, cənab Prezident lazım olan bütün tədbirləri görür".
Sədr qeyd edib ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən vəkilliyin inkişafı istiqamətində çox mühüm Sərəncam və Fərmanlar verilib: "Məsələn, keçən il “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının hər birində vəkilliyə aid xüsusi məsələlər öz əksini tapır. Bizim bütün təşəbbüslərimiz cənab Prezident tərəfindən dəstəklənir. Hesab edirəm ki, bu gün Azərbaycanda vəkilliyə olan münasibət digər ölkələr üçün də nümunə olmalıdır".
