Məzmuna keç

“Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq milli qanunvericilik sistemimizin daha da inkişafına gətirib çıxarıb”

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquq və azadlıqlarının universal siyahısı kimi qiymətləndirilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Bəyannamə insan hüquqlarına yeni çağırışlar müəyyən etməklə insan hüquqları sahəsində adət normalarının formalaşmasının əsasını qoyub.

Beynəlxalq praktika göstərir ki, Bəyannaməyə qarşı dövlətlər heç vaxt öz bəyanat və ya konstitusiyalarında, qanunlarında heç bir mənfi rəy bildirməyib, əksinə Bəyannamə müddəalarından istifadə etmişlər, bu amil 1948-ci il Bəyannaməsinin beynəlxalq adət normasına çevrilməsinə gətirib çıxarıb. Bəyannamənin Preambulasında qeyd edilir ki, “qorxu və ehtiyaclardan azad olacaq bir dünyanın yaradılması insanların ən ali arzusu kimi bəyan edilməlidir”. Bəyannamənin 1-ci maddəsi insan hüquqlarının fəlsəfi əsaslarını təsdiq edir: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar”. Beləliklə, Bəyannamə ilk dəfə olaraq təbii hüquq nəzəriyyəsini tətbiq edən bir beynəlxalq sənəd oldu ki, burada da Con Lokk, Şarl Lui Monteskye, Jan Jak Russo və digər mütəfəkkirlərin ideyalarıını təsbit etdi. 12-ci əsrin ortaları və 13-cü əsrin əvvəllərində yaşayıb-yaratmış dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi insanı bütün yaradılmışların ən üstünü hesab edərək, “Mən adəm oğluyam, başqalarından üstünəm” ifadəsi ilə insan hüquqlarının əxlaqi, elmi, mənəvi xüsusiyyətlərini təbliğ edirdi. Bəyannamədə müəyyən edilən bir sıra normalar Nizami Gəncəvinin “Xəmsə”sində azadfikirlilik, nikbinlik, xoşbəxt dünyəvi həyat idealı fikirləri, o cümlədən əsaslandırdığı humanizm, xeyirxahlıq, bərabərlik və azadlıq prinsipləri ilə tam üst-üstə düşür", – deyə sədr qeyd edib.

A.Bağırov deyib ki, bu gün əksər dövlətlər Bəyannaməyə qoşulmur, sadəcə ona tam şəkildə əməl edirlər: Qeyd edilən müddəa 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstutusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün müddaəlarına xüsusi yanaşması ilə təsdiq edilir ki, bu da Azərbaycan xalqının tarix boyu və hazırda da insan hüquqları ideyaları ilə zənginliyinə tam dəlalət edir. Sonradan Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyasında ciddi müzakirələrdən sonra referendumla qəbul edilən Konstitusiyamız mükəmməl bir insan hüquqları sistemini müəyyən edib. Hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq konsepsiyası möhtərəm Prezidentimiz İlham Əliyev fəaliyyətinin əsasıdır ki, bu da milli qanunvericilik sistemimizin daha da inkişafına gətirib çıxarıb".