Ulu Öndərin bu gün hamımıza örnək olan ömür yolu hər birimizə yaxşı tanış olsa da, burada bir daha xatırlatmaq istəyirəm ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib və o, 1941-ci ildən Naxçıvan Muxtar Respublikasının Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Respublikasının Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışıb. 1944-cü ildən isə fəaliyyətini dövlət təhlükəsizliyi orqanlarında davam etdirib.
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. O zaman Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı, dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.
O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub.
Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti-xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.
Bu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişinin 30, anadan olmasının 100 illik yubiley ili kimi bütün ölkəmizdə geniş qeyd olunmaqdadır. Təsadüfi deyil ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Bu gün həm də Ulu Öndərin dünyasını dəyişməsindən 20 il ötür. Bu 20 ildə onun əsasını qoyduğu daxili və xarici siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirdi, ölkəmizin dünya birliyindəki mövqeyi daha da möhkəmləndi, iqdisadiyyatımız inkişaf etdi, əhalinin sosial rifahı yüksəldi.
Son illərdəki ən böyük uğurumuz isə torpaqlarınmızın tam olaraq işğaldan azad edilməsi oldu. Ümummilli Liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan dövləti və dövlətçiliyimiz yaşayır, Ümummilli Liderimiz Heydər Əliyev və onun ölməz idealları da yaşayacaq. Ruhu şad olsun!
Vüqar Sərdarov
Elmi-mədəni Mərkəzindirektor müavini
YAP Səbail rayon A.Zeynallı 20 ərazi partiya təşkilatının sədri
