Məzmuna keç

BDU-nun Hüquq fakültəsində Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirildi –

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

E-huquq.az xəbər verir ki, tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdıran fakültə dekanı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub, beləliklə də Azərbaycanı bütöv görmək istəyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib.

Z.Əliyev qeyd edib ki, Ulu Öndərin xeyirxahlıq və mərhəmətlilik missiyası bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir. Müstəqil dövlətimizi qorumaqdan ötrü, davamlı qələbələr qazanmaq və yeni zirvələri fəth etməkdən ötrü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin zəruri olduğunu bildirən dekan bunun hər birimizin, o cümlədən gənclərin vəzifəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər – hüquq elmləri doktoru, professor Etibar Əliyev, hüquq elmləri doktoru Firuzə Abbasova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışaraq, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildiriblər.

Tədbirdə çıxış edən Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü Həmidə Sadıqova müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndərin bugünkü və gələcək nəsillər üçün nümunə olan keçdiyi həyat yolundan bəhs edib, Ümummilli Liderin məzunu olduğu Universitetdə təhsil aldığı üçün qürur duyduğunu bildirib.