Məzmuna keç

Fikrət Məmmədov: “Korrupsiyanın yolverilməzliyi hər bir əməkdaşın üzərinə düşən ən ümdə vəzifədir”

Ədliyyə naziri Fikrət Məmmədov yeni təyinat alan əməkdaşlarla görüş keçirib.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ədliyyə naziri Fikrət Məmmədov yeni təyinat alan əməkdaşlarla görüş keçirib.

E-huquq.az xəbər verir ki, tədbirdə ədliyyə naziri çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisini, bütün sahələrdə qazanılan yüksək nailiyyətləri vurğulayıb, həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib. Həmçinin dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından, könüllülük hərəkatının geniş təşviqindən bəhs edib.

Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlardan danışan nazir dövlət başçısının bu sahədə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlarının icrası üzrə görülən işlər barədə məlumat verib, ölkə başçısının dövlət qulluqçularının qarşısında qoyduğu tələbləri, penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətlərini diqqətə çatdırıb.

Bildirib ki, xidməti vəzifələrin icrası zamanı qanunçuluq, insan haqları, vətəndaşlara layiqli xidmət, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya və digər qeyri-prosessual münasibətlərin yolverilməzliyi hər bir əməkdaşın üzərinə düşən ən ümdə vəzifədir.

Eyni zamanda, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən məhkumların hüquqlarının etibarlı qorunması, onlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi, dərman və digər təminatlarının yaxşılaşdırılması, istehsal sahələrinin genişləndirilməsi, tərbiyə, əməliyyat-rejim və mühafizə işinə nəzarətin gücləndirilməsi, Mühafizə Alayının işinin daha səmərəli təşkili, vaxtından əvvəl cəzadan şərti azad etmə institutunun tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Görüşdə yeni təyinat alan əməkdaşların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəklərinə, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub, fəaliyyətlərində uğurlar arzulanıb.