"Bu gün 95 illiyini qeyd etdiyimiz Hüquq fakültəsi məhz dövlətimizin apardığı uğurlu təhsil siyasəti sayəsində sürətlə inkişaf edir".
E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Hüquq fakültəsi BDU-nun aparıcı və ən böyük fakültələrindəndir.
"Hamımız bilirik ki, 1927-28-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlayıb. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında isə 17 dekabr 1928-ci ildə Hüquq fakültəsi təşkil edilib. Professor A.O.Mişel Hüquq fakültəsinin ilk dekanı təyin olunmuşdur. Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda onun 11 kafedrası var idi. 1930-cu ildə Hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu yaradılmaqla Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeçiliyinə verilib. Hüquq fakültəsinin BDU-dan kənardakı tarixi 1941-ci ilə qədər davam edib. 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimləri və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq, bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu BDU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən Universitetin tərkibində uğurla fəaliyyətini davam etdirir", – deyə rektor qeyd edib.
E.Babayev deyib ki, BDU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən başlayır: "Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, Heydər Əliyev bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsi və elmini tamamilə xalqın fakültəsinə çevirdi. Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olub. Azərbaycan Respublikası 1991-ci ildə özünün müstəqilliyini bərpa etdikdən sonra Hüquq fakültəsi müstəqil dövlətin hüquqşünas kadrlarının yetişdirilməsinin əsas bazası kimi çıxış etməyə başladı. Hüquq fakültəsində bakalavr tədris pilləsində azərbaycan və rus bölmələri ilə yanaşı, 2012-ci ildən ingilis bölməsinə də qəbul həyata keçirilir".
Rektorun sözlərinə görə, Hüquq fakültəsində klassik hüquq sahələri ilə yanaşı, yeni hüquq sahələrinin inkişafı üzrə də mühüm elmi məktəblər formalaşıb. Bu zaman yeni kafedralar (İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO və Əqli mülkiyyət hüququ kafedraları), elmi mərkəzlər (Müqayisəli hüquqi araşdırmalar Mərkəzi və s.) və Hüquq Klinikası yaradılıb.
E.Babayev diqqətə çatdırıb ki, Hüquq fakültəsində ikili diplom proqramları üzrə yaxşı təcrübə formalaşıb. 2013-2020-ci illəri əhatə edən və Almaniyanın Vürtsburq Universiteti ilə imzalanmış "Avropa hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə Sazişlə 65-dən çox BDU-nun Hüquq fakültəsinin məzunu, eyni zamanda, Vürtsburq Universitetinin magistr diplomunu alıb. Hazırda ikili diplom proqramları "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə Fransanın Lyon-2 Universiteti, 5608.01 – "Mülki hüquq; ailə hüququ; beynəlxalq xüsusi hüquq; sahibkarlıq hüququ" doktorantura ixtisası üzrə Almaniyanın Halle-Vittenberq Universiteti ilə davam etdirilir. Bundan başqa, yeni ikili diplom proqramlarının magistratura ixtisaslaşmaları üzrə Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle-Vittenberq Universiteti ilə qurulması üzərində ciddi işlər aparılır".
"İnanırıq ki, 95 illiyini qeyd etdiyimiz Hüquq fakültəsi inkişafını davam etdirəcək, Respublikamızda ixtisaslı mütəxəssislərin yetişdirilməsində öz rolunu daim oynayacaq", – rektor əlavə edib.
