"Müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, tədqiqinə və təbliğinə hələ uzun illər böyük ehtiyac olacaq. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyət Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə şərəflə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin və xalqımızın tarixinə inkişaf dövrü kimi düşüb. Həm də bu dövrdə Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin formalaşması ilə müşaiyət olunub.".
E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanın həyatında həlledici bir mərhələnin başlanğıcı qoyulub: "Bugünkü uğurlarımızın, inkişafımızın təməli məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə və müdrikcəsinə respublikamıza rəhbərlik etdiyi illərdə atılıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda xalqın təkidi ilə hakimiyyətə gəlişi ölkəmizi parçalanmaqdan, dövlətimizi yox olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Heydər Əliyevin siyasi müdrikliyi, mükəmməl idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaranıb. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyev ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur".
Rektor vurğulayıb ki, bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Məhz Ulu Öndərin müəyyən etdiyi strategiyanı, dahi şəxsiyyətin uzaqgörənliyini cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycan Ordusu ən yeni tarix yazdı. Ali Baş Komandanımızın ətrafında xalqımız yumruq kimi birləşdi. Haqq savaşımız böyük Zəfər ilə başa çatdı. Şuşada, Xankəndidə, doğma torpaqlarımızda müqəddəs bayrağımız qaldırıldı. Bugünkü parlaq qələbəmiz məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı.
Bu gün qürur hissi ilə qeyd edirik ki, Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı“ adlandırdığı Bakı Dövlət Universiteti Ulu Öndərimizin irsinin tədiqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamını BDU kollektivi də böyük sevinc və ehtiram hissləri ilə qarşılayıb. Bakı Dövlət Universitetinin Elmi Şurasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri və s. çoxşaxəli tədbirlər keçirilir. Kitablar nəşr olunur. BDU-nun müəllimləri, tələbələrimiz ölkəmizin qüdrətlənməsi, Ulu Öndər Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində öz missiyasını ləyaqətlə yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur", – deyə E.Babayev qeyd edib.
