Məzmuna keç

Narkomaniya – Bəşəriyyəti uçuruma aparan bəla

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır, nəticədə bu zərərli və təhlükəli bəla birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə ziyan vurmaqla yanaşı, intellektual potensialının və genofondun aşınmasına gətirib çıxarır.

Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial sahələrdə aparılan islahatlarla bərabər narkomanlığa qarşı mübarizə sahəsində də zəruri işlərin görülməsi dövlətimizin ümdə prioritet vəzifələrindən biri olmuş və bu işdə, dövlət orqanları ilə ictimai təşkilatların, eləcə də cəmiyyət üzvlərinin birgə koordinasiyalı fəaliyyət göstərməsi müsbət nəticələrin əldə olunmasına stimul vermişdir.

Müstəqillikdən sonra ardıcıl şəkildə qəbul edilən Dövlər proqramları “Ağ ölüm”ə qarşı mübarizə sahəsində cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının qarşılıqlı faəliyyəti və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edir. Dövlətimiz tərəfindən həmin Dövlət proqramları vasitəsilə həyata keçirilən siyasət bir tərəfdən gənclərin idman, mədəni-kütləvi tədbirlərdə iştirak etmələrinə, idmana marağın artırılmasına xidmət edir, digər tərəfdən isə onların bu geridönüşü olmayan fəlakət uçurumuna yuvarlanmalarının qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş 2019–2024-cü illər üçün son Dövlət Proqramı”nı insanları sağalmaz xəstəliklərə düçar edən dəhşətli bəlaya qarşı məqsədyönlü mübarizənin ümumxalq işinə çevrilməsi istiqamətində atılmış ən vacib addım kimi dəyərləndirmək lazımdır və həmin Proqramın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Qeyd olunan Dövlət proqramında nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı tədbirlər hazırda Proqrama müvafiq olaraq icra edilir.

Unudulmamalıdır ki, narkomaniya ilə mübarizə uzunmüddətli və geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Bəşəri fəlakət olan bu prosesin qarşısını alınmasına kömək edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, xüsusən də, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü maarifləndirmə fəaliyyətinin aparılmasıdır. Ona görə də narkomaniyaya qarşı mübarizə məqsədilə təşkil edilən təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində mühüm əhəmiyyət kəsb edir.

Dünyada gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artan xətlə yüksəlməyə doğru getdiyindən, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edilir və belə proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyalarının aparılması daxildir.

Bundan başqa, keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. Məhz BMT ictimaiyyətin diqqətini bəşəriyət üçün yoluxucu xəstəlik olan narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib və hər il məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir.

Eyni zamanda, bildiyimiz kimi narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir və Vətən müharibəsi, eləcə də son antiterror əməliyyatları nəticəsində ərazimizin erməni terrorçularından tamamilə təmizlənməsi narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. İşğal zamanı İranla olan dövlət sərhədimizin 132 kilometr hissəsinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirməsinə, hər il min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara dəniz hövzəsi ölkələrinə ixrac etməsinə və silah qaçaqmalçılığı ilə məşğul olmasına geniş şərait yaradırdı. Azərbaycanın erməni işğalçıları üzərində qəti qələbəsindən sonra bu kimi ciddi problemlər də artıq aradan qalxmışdır.

Sevindirici haldır ki, bugün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.

Hesab edirəm ki, narkomaniyanın cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olması nəzərə alınaraq, bu bəla ilə mübarizədə hər bir fərd əlindən gələni əsirgəməməli, xüsusən də gənclərin sağlam və dövlətçiliyə sadiq, layiqli vətəndaş kimi tərbiyə olunması üçün ciddi səy göstərməlidir.

Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

Elşən Məmmədli

Nəsimi rayon prokurorunun böyük köməkçisi