Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrin genişləndirmək məqsədi ilə "Caspian Energy Club Kyrgyzstan", Qırğızıstanın paytaxtı Bişkekdə ilk tədbirini təşkil edib.
E-huquq.az xəbər verir ki, B2G Forumda dövlət rəsmiləri ilə yanaşı, iş adamları, istehsalat, xidmət və logistika sahəsinə dair mütəxəssislər iştirak etdi. "Caspian Energy Club Kyrgyzstan"ın sədri Rövşən Mehdiyev tədbirdə iştirak edən Qırğızıstan Respublikasının İqtisadiyyat naziri Daniyar Amangeldiyevi, Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin sədri, Gömrük Xidmətinin general-mayoru Samat İsabekovu, Qırğızıstan Respublikasının Nəqliyyat və Kommunikasiya naziri Telek Takebayevi "Caspian Energy Club Kyrgyzstan"ın fəxri üzvlük sertifikatı ilə təltif etdi.
Tədbirdə çıxış edən Qırğızıstanın İqtisadiyyat naziri Daniyar Amangeldiyev klubun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün səmərəli əlaqələrin qurulmasında körpü rolunu oynayacağına ümid etdiyini bildirdi. Qırğızıstanın İqtisadiyyat naziri Daniyar Amangeldiyev, qarşılıqlı iqtisadiyyatın inkişafı üçün ilk növbədə nəqliyyat kommunikasiya əlaqələrinin qurulmasını vacib şərt hesab edir.
Daniyar Amangeldiyev: "Logistika hazırki dövrdə vacib rol oynayır. Yüklərin qısa zamanda təhlükəsiz çatdırılması biznesdə əsas faktordu. Hazırda Azərbaycan ərazisində yalnız dəniz vasitəsilə deyil, quru və dəmiryolu infrastrukturunun olması, xüsusilə Qarabağ ərazisində nəqliyyat infrastrukturunun qurulması, Azərbaycanın nəqliyyat-logistika sahəsinə ayırdığı sərmayə və yanaşma, Qırğızıstanın da qarşılıqlı əməkdaşlıq üçün maraq dairəsindədi. Eyni zamanda Orta dəhliz vasitəsilə, yaxın şərqə çıxış, KTMT, Aİ daxil və digər ölkələr üçün də maraqlıdır".
Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin sədri, Gömrük Xidmətinin general-mayoru Samat İsabekov qloballaşma dövründə Türkdilli ölkələr birliyi arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün, bu ölkələrlə gömrük şərtlərinin və bəzi maneələrin aradan qaldırılmasını vacib hesab edir.
Samet İsabekov-Qırğızıstanın Gömrük sədri: "2022-ci ildən biz Azərbaycanla gömrük sahəsində avtomatlaşdırma və rəqəmsallaşdırma prosesində razılığa gəlmişik. Biz qardaş xalqıq və yalnız birlikdə irəli getməliyik. Bu forumun təşkili həm Qırğızıstan-Azərbaycan, həm də digər Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün vacib şərtdir. Biz Transxəzər magistralını əhatə edəcək alternativ yolun açılmasına çalışmalıyıq. Bu bir sıra ölkələrlə tranzit potensialının artması, eyni zamanda, həm ticari, həm də gömrük orqanları arasında əlaqə deməkdir".
Azərbaycan və Qırğızıstanın ümumi maraqlarını nəzərə alaraq, şərq və qərb istiqamətində yükdaşımanı təmin etmək üçün Qırğızıstan, Azərbaycandan keçməklə nəqliyyat koridorunun yaradılmasında maraqlıdır. Qırğızıstan Nəqliyyat və Kommunikasiya nazirinin müavini Bekjan Rismandeev öz çıxışında bildirdi ki, bu marşrut beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olub, Avropa, Qafqaz, Asiya ölkələrini birləşdirəcək. Qırğızıstan bu layihənin inkişafını sürətləndirilməsi üçün nəqliyyat rəqəmsallaşdırma prosesi, sürücü vizalarının alınması kimi maneələrin həlli üzərində çalışır.
Tədbirdə çıxış edən "Caspian Energy Club Kyrgyzstan" sədr müavini Samirə Mustafayeva klub haqqında məlumat verərək, fəaliyyətləri dövründə hər iki ölkə iş adamlarının aktiv ticari mübadiləsini sürətləndirmək, iqtisadi əlaqələrinin möhkəmlənməsi ücün beynəlxalq investorların bu ölkələrə cəlb olunmasını, ticari potensialın artması üçün logistika sahəsinin təkmilləşməsinə dəstək olacaqlarını qeyd etdi. S. Mustafayeva 2024-cü ildə Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına ev sahibliyi edəcək ölkə kimi tanıtmaq, eləcə də "Caspian Energy Club"un fəaliyyət göstərdiyi bütün ölkələrdə COP29 mövzularına marağı artırmaq məqsədilə "Caspian Energy Club"un mütəmadi olaraq yaşıl enerjinin transformasiyası məsələlərinin həllinə dair enerji mövzularında "Caspian Energy MettUp"lar keçirəcəklərini də qeyd etdi.
