"Meta" şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.
E-huquq.az xəbər verir ki, E.Stoun "X" səhifəsində müvafiq məzmunlu yazı dərc edib.
“Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, – şirkət nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Honq-Konq provayderi "HGC Global Communications Limited" bəyan edib ki, "Facebook" və "Instagram"dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.
Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 %-ni təşkil etdiyini açıqlayıb.
***
20.43
“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
E-huquq.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", – məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:
"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".
***
20.32
Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.
E-huquq.az xəbər verir ki, feysbukun fəaliyyəti bərpa edilib.
Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır.
***
19.45
Azərbaycanda sosial şəbəkələrin işində nasazlıq müşahidə olunur.
E-huquq.az xəbər verir ki, feysbuk və instaqramda problem yaranıb.
Belə ki, sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, hesaba yenidən giriş isə mümkün deyil.
