"ABŞ-da 5 noyabrda keçirilməsi planlaşdırılan Prezident seçkilərində iki namizədin üz-üzə gələcəyi artıq dəqiqləşib. Məlumdur ki, ABŞ-da istənilən seçkilər əsasən iki partiyanın Demokratlar və Respublikaçılar partiyasının namziədləri arasında keçirilir. Prezident seçkilərində partiyaların irəli sürəcəkləri namizəd isə praymeriz, yəni Partiyaların Qurultayını nümayəndələri arasında keçirilən ilkin seçkilər vasitəsilə müəyyənləşir. Dünənki gün Corciya, Vaşinqton və Missisipi ştatlarında ilkin seçkilərin keçrilməsi günü idi. Demokrat Partiyasının namizədi, hazırki Prezident Co Bayden Corciyada 95 faiz, Vaşinqtonda ölkənin şimal-qərbində və Mississippidə öz partiyasının nümayəndələri arasında 98 faiz səs toplayaraq Demokratların namizədi olmaq üçün tələb olunan Qurultay nümayəndələri sayını, yəni 1968 nəfəri əldə etmiş oldu".
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib. O bildirib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə müvafiq olaraq Corciya ştatında 85 faiz, Vaşinqtonda 73 faiz və Missisipidə 92 faiz olmaqla səs əldə etdi ki, bu da onun da Respublikaçılar Partiyasından prezidentliyə namizədlik üçün tələb olunan nümayəndə sayını, yəni, 1215 nəfəri artıq əldə etdiyi anlamına gəlir:
"Bir sözlə, seçkilərin keçmiş rəqiblər arasında keçiriləcəyi artıq qətiləşib. Qarşıdakı dövrdə bir hər iki namizəd arasında qızğın mübarizənin şahidi olacağıq. Bu mübarizənin son dərəcə şəxsi mübarizə olacağı gözlənilir. Bayden keçən həftə televiziyada yayımlanan çıxışında “sələfim” deyə bəhs etdiyi Trampı Amerika demokratiyası üçün ekzistensial təhlükə olaraq təsvir etməsi, Trampın isə öz növbəsində Baydeni axmaq adlandıraraq ABŞ-ı zəiflətdiyini deməsi həqiqətən də namizədlər arasında olduqca kəskin fikir ayrılıqları olduğunu deməyə əsas verir. Tramp artıq Baydenin vəzifəyə gəlməsindən bəri istehlak qiymətlərinin təxminən 20 faiz artması faktını vurğulamağa, cənub sərhədindəki miqrasiya böhranına diqqət çəkməyə, Baydenin hakimiyyəti dövründə inflyasiyanın ən yüksək həddə çatmasını vurğulamağa, seçicilərə Baydenin yaşını xatırlatmağa və özü seçiləcəyi halda, Baydenin vəzifə müddəti dövründə ortaya çıxan qlobal böhranların, o cümlədən Ukrayna və Qəzzadakı müharibələrin qarşısını almış olacağı ilə bağlı iddialara çıxış edərək faktiki olaraq təbliğat kampaniyasına başlayıb".
Y.Bağırzadə deyib ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək Prezident seçkilərinin nəticələri təkcə Amerikada hiss edilməyəcək, eyni zamanda, bu, bütün dünyada hiss olunacaq:
"Bayden isə öz növbəsində davamlı şəkildə vəzifədə olduğu müddətdə ölkədəki iqtisadi tərəqqi mövzusunu dilə gətirir və bunu “daha öncə heç vaxt danışılmayan ən böyük geri dönüş hekayəsi” adlandırır. Bayden deyir ki, Trampdan ona uçurumun kənarında olan bir iqtisadiyyat miras qalmışdı, indi isə bütün dünya sözün əsl mənasında ABŞ iqtisadiyyatını qısqanır. “Sadəcə üç ildə 50 milyon yeni iş yeri – bu bir rekorddur. İşsizlik son 50 ilin ən son səviyyəsindədir” – deyən Baydenin təbliğat dövründə məhz iqtisadi göstəricələrə vurğu edəcəyi gözlənilir. Təbii ki, ABŞ-da kimin seçki yarışının qalibi olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilər deyil".
Politoloq qeyd edib ki, seçilmiş nümayəndələrin sayı həlledicidir:
"Məsələn, son seçkilərdə Tramp ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi. Düzdür Amerikanın oturuşmuş xarici siyasəti var və buna görə də, ABŞ-ın xarici siyasət strategiyası davam edəcək. Amma təbii ki, hakimiyyətə Donald Tramp gələrsə yarımçıq qoyduğu işləri davam etmək istəyəcək. Bura dünyanın ayrı-ayrı bölgələrində olan ABŞ ordusunun böyük hissəsini geri şəkmək, Avropa ilə daha məsafəli və maddi tərəfləri güdən bir siyasətin həyata keçirilməsi aiddir. Trampın Rusiya ilə münasibətdə daha loyal siyasət yürüdəcəyi və bundan sonrakı dönəmdə əsas vurğunu Çin üzərində mübarizəyə və təzyiqə edəcəyi ehtimalları kifayət qədər yüksəkdir".
Şəbnəm Mehdizadə
