"Cənubi Qafqazda sülhə töhfə vermək üçün inkluziv yanaşma vacibdir. Lakin təəssüf ki, Brüssel görüşü sülhə xidmət etmir, əksinə gərginliyin artmasına səbəb yaradır".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüşlə bağlı danışarkən deyib
O deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda yeni düzən formalaşıb.
"Azərbaycan 30 il ərzində erməni işğalında qalmış ərazilərini bərpa edir. Bu mənada Ermənistanın yox, Azərbaycanın maddi dəstəyə ehtiyacı var. Dəymiş ziyanın məbləği 100 milyarddan artıqdır. Qərb bu dəstəyin verilməsinə dəstək olmalıdır. Azərbaycan Qarabağı yenidən qurur. Bu gün Cənubi Qafqazda İlham Əliyevin rəhbərliyi ilə yeni səhifə açılır”, – deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə
