Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.
Yanvarın 24-də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 60-dan artıq tələbəsi tanışlıq məqsədilə Mərkəzi ziyarət ediblər.
Tanışlıq görüşündə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun salamları tələbələrə çatdırılıb, daha sonra onlar yeni açılmış Mərkəzin fəaliyyəti ilə Mərkəzin direktoru, vəkil Şahmar Məmmədov tərəfindən tanış edilib, xüsusilə yeni nəsil vəkillərin vətəndaşların hüquqi yardım çatımlılığındakı əvəzsiz rolları barədə məlumat verilib, gələcəkdə tələbələrin vəkil peşəsini seçmələrinə sövq edilməsi üçün onların mərkəzdə təcrübə keçmə imkanları müzakirə edilib.
Daha sonra Mərkəzin tədris məsələləri üzrə koordinatoru, hüquq elmləri doktoru, vəkil Mayis Əliyev tərəfindən gənc hüquqşünasların təcrübi bilikləri ilə bərabər nəzəri biliklərinin artırılması üçün Mərkəzin imkanlarından istifadə etmək üçün münbit şəraitin olması qeyd olunub.
Görüş zaman bütün tələbələr Mərkəzdə könüllü olaraq işləmək istəkləri barədə niyyətlərini bildirib və onların yaxın günlərdə həm Mərkəzdə, həm də digər vəkil qurumlarında fəaliyyətə başlamalarına razılıqlarını bildirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bu kimi qarşılıqlı faydalı görüşlərin respublikamızın digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə də keçirilməsi nəzərdə tutulub.


