Məzmuna keç

Anar Bağırov Nazirlər Kabinetinin qərarına münasibət bildirdi

Vətəndaşlar şikayət edirdi ki, vəkilə bir belə vəsait ödəmişəm, ancaq müqavilədə tam göstərilməyib

"Məlum olduğu kimi, Vəkillər Kollegiyası son vaxtlar nağdsız ödənişlərə, vəkillərin bağladığı müqavilələr üzrə qonararın nağdsız qaydada hesaba köçürülməsi məsələlərinə xüsusi diqqət yetirir. Bizim əsas mövqeyimiz odur ki, vəkillər və müştərilər arasında münasibət qanunauyğun olsun. Və digər sahələrdə olduğu kimi, əvvəllər mövcud olan nağd ödəmələrə son qoyulsun".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara etdiyi dəyişikliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bütün bürolarda postterminallar quraşdırılıb: "Bizim əsas məqsədimiz odur ki, bu sahədə şəffaflıq olsun, vətəndaş məmnuniyyəti, müştəri məmnuniyyəti olsun və indiyədək mövcud olan şikayətlər aradan qalxsın. Bəzi hallarda vətəndaşlar şikayət edirdi ki, vəkilə filan qədər vəsait ödəmişəm, ancaq müqavilədə tam göstərilməyib. Bununla bağlı müəyyən narazılıqlar olurdu. Amma indi vətəndaş vəsaiti vəkilin özünə, quruma ödəmir, hesaba köçürür. Yəni, nağdsız hesablaşmalar qaydasında bütün bu əməliyyatlar aparılır. Bu da bizi çox məmnun edir. Təbii ki, dövlət tərəfindən ödənilən vəsaitlərin də birbaşa Vəkillər Kollegiyasının hesabına ödənilməsi, nağdsız qaydada aparılması da şəffaflıq üçün xüsusi bir şərait yaradır və bu, tərəfimizdən alqışlanır. Hesab edirik ki, bu da öz növbəsində vəkillərə ödənilən vəsaitin operativ qaydada həyata keçirilməsini təmin edəcək, eyni zamanda Vəkillər Kollegiyası tərəfindən bu proses tam idarə olunacaq. Beləliklə, vəkillər də fəaliyyətlərində indiyədək rast gəldikləri neqativ hallara artıq rast gəlməyəcəklər. Yəni, göstərdikləri hüquqi yardıma görə, onların ödənişləri vaxtında hesablarına həyata köçürüləcəkdir. Beləliklə, illər boyu mövcud olan problemlər tədricən aradan qalxacaq".

Sədr qeyd edib ki, hazırda fəaliyyət göstərən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi bu məsələlərlə məşğuldur: "Orada lazım olan bütün şərait yaradılıb. Eyni zamanda bizim mühasibatlar da bu istiqamətdə fəaliyyət göstərirlər. Əminəm ki, bu sahə üzrə də kifayət qədər yüksək xidmətlər göstəriləcək və bizim Hüquqi Yardım və Tədris Mərkəzi indiyədək olan o boşluqları aradan qaldıracaq. Yəni, həm vəkillər məmnun qalacaq, həm müştərilər, həm də vətəndaşlar. Təbii ki, dövlət də bütün bu islahatlara maraqlı olan subyekt kimi bunun faydasını görəcək".

A. Bağırov onu da vurğulayıb ki, burada əsas məqsədlərdən biri formal vəkilliyə son qoyulmasıdır: "Yəni, vəkillər dövlət hesabına aztəminatlı şəxslərə göstərdikləri hüquqi yardımı keyfiyyətli, peşəkar göstərsinlər. Ona formal yanaşmasınlar. Təbii ki, bizim tərəfimizdən keçən ildən etibarən bununla bağlı tədbirlər də görülüb. Dövlət hesabına xidmət göstərən vəkillərin reysteri könüllülük qaydası əsasında tərtib olunub. Zənnimcə, bütün bu tədbirlər bir məqsədə xidmət edir – vətəndaş məmnuniyyətinə, xidmətlərin keyfiyyətinin artırılmasına, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinin təmin edilməsi, yəni, onların konstitusion hüquqlarının təmin edilməsinə".

Qeyd edək ki, Nazirlər Kabineti ötən gün “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarda dəyişiklik edib. Qərara əsasən, vəkillərə dövlət tərəfindən xidmət haqları nağdsız şəkildə ödəniləcək.