Məzmuna keç

Şaiq Mirzəyev: “Mehriban xanım Əliyeva insan hüquqlarının qorunmasına daim xüsusi önəm verir”

Həyatın istənilən sahəsində inkişafın fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin nail olduğu və daim yüksələn xətlə artan inkişaf göstəriciləri aparılmış islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələri kimi beynəlxalq səviyyədə təqdir olunur. Belə ki, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların aparılması nəticəsində mümkün olmuşdur.

2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən Prezidentin andiçmə mərasimində cənab İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini bəyan etdi. Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi ilə əlamətdardır. Müstəqil Azərbaycanda dövlət siyasi-idarəetmə institutunda dövrün tələblərinə uyğun təkmilləşdirilmənin daha operativ və effektivliyi yolunda demokratik yenilənmələrin milli qanunvericilik əsasında ölkədə çoxsahəli islahatlar kursu aparılır. Bu zəmində dövlət və hakimiyyət sferasındakı islahatlar hədəfinin daxili sosial əsası dayanıqlı inkişaf, yolu modern güclü dövlət, strateji xətti – milli təhlükəsizliyinin qorunması; daxili siyasəti – vətəndaşın rifahlı cəmiyyətdə yaşamı, xarici siyasəti – qarşılıqlı beynəlxalq əməkdaşlıq, amalı – Sülh və Həmrəylikdir. Azərbaycan yeniləşir, güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Dünyanın geosiyasi yeni reallıqları zəminində Prezidentlik institutunun strateji-siyasi xəttində ictimai-mədəni-humanitar tələblər də islahat mexanizmində çevikliyi zəruriləşdirir. Bu baxımdan Prezidentlik İnstitutunun əsas və mühüm tərkib hissəsi Birinci vitse-prezidentlik təsisatının yaradılması da ölkədə islahatlar mexanizmində önəmli fəaliyyəti ilə dəstəkverici struktur vahidi olaraq Azərbaycanın modernləşməsində əhəmiyyətli komponentdir.

Azərbaycanda vitse-prezidentlik institutu konstitision əsaslarla formalaşdırılmışdır. Belə ki, 2016-cı il sentyabrda Konstitusiyaya dəyişiklər və əlavələrlə bağlı keçirilən Referendumda vitse-prezident təsisatı da öz təsbitini tapmışdır. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il “M.A.Əliyevanın Azərbaycan Respublikasının vitse-prezidenti təyin edilməsi haqqında” Sərəncamı müstəqil respublikada ilk vitse-prezidentlik institutu, yenilənən Azərbaycanda islahatların yeni siyasi fəlsəfəsidir.

Müasir Azərbaycanda konstitusion əsaslarla ilk dəfə yaradılan Birinci vitse-prezidentlik təsisatı yeni və faydalı bir dövlət siyasi idarəetmə sistemi olaraq ölkədə Mehriban Əliyevanın rəhbərliyi ilə səmərəli, çevik fəaliyyət aparır. Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir”.

Həmçinin Mehriban Əliyevanın bacarıqlı idarəçilik qabiliyyəti, təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni rəhbər obrazıdır.

Müstəqil Azərbaycanda Birinci Xanım statusu, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı dövrdən Mehriban Əliyevanın şəxsində reallaşmışdır. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı və silahdaşı Mehriban Əliyevanın respublikanın mədəni-humanitar, ictimai-siyasi, eləcə beynəlxalq müstəvidə tanınmasında təkzib olunmaz ictimai-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Birinci vitse-prezident Mehriban Əliyevanı Azərbaycan xalqı Birinci xanım missiyasında – bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür və həyatlarında hiss edirlər.

M.Əliyevanın Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar olaraq qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Bu dəstək məhz Mehriban Əliyevanın illər ərzində formalaşan Rəhbər Qadın, Rəhbər Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları mütəmadi olaraq Birinci Xanımı insanların sırasında, öz yaxınlıqlarında görməyə alışmışlar. Bu Mehriban xanımın insanpərvərliyindən, daşıdığı Ali statusa rəğmən genetik xarakterindən, ziyalılığından və yüksək kübar keyfiyyətlərindən irəli gələn elit mədəniyyətidir. Bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyilləri özünü nə qədər qabarıq göstərsə də, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünü qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq, humanizm müasir qloballaşma dövründə də insanlığın ən ali, ülvi, müqəddəs dəyərlərindən sayılır.

Mehriban xanım 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun yaradılması ilə Ulu Öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi ideyalarını təşviq edən Heydər Əliyev Fondu da məhz bu mənəvi ideallara tapınmaqla ötən illərdə cəmiyyətin yüksək rəğbətini, etimadını qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond genişmiqyaslı layihələri ilə böyük işlər həyata keçirir.

Fond ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasi kursunun dərindən öyrənilməsinə və həyata keçirilməsinə layiqli töhfələr verir. Ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən Fondun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara hərtərəfli köməyin göstərilməsidir.

Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş Fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, xalqın rifahının yüksəlməsinə yönəlmiş irimiqyaslı layihələrin təşəbbüsçüsü və fəal icraçısı olmuşdur. Fond eyni zamanda cəmiyyətin tərəqqisinə xidmət edən faydalı təşəbbüsləri dəstəkləməklə, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafı ilə bağlı bir sıra mühüm layihələrə yardımçı olmuş, milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq keşikçisinə, fəal təbliğatçısına çevrilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə həyata keçirdiyi strateji layihələr yalnız bir məqsədə – milli genefondun qorunmasına xidmət edir.

Fondun fəaliyyəti eyni zamanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, insanlara xeyirxahlıq və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun vətəndaşlara hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirir: "Görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Bu, yüzlərlə yeni inşa olunmuş məktəblər və təmir olunmuş, müasirləşmiş uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləridir, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi ilə bərpa olunan tarixi və dini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər, konsert hollarıdır. Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi bu, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə normal sağlam həyata qayıtmış insanlardır".

Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri də cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanmışdır. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondun qorunmasında da sözünü deyir.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Heydər Əliyev Fondunun, Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələri çərçivəsində "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır.

Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Mehriban xanım Əliyevanın ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentə Milli Məclisin deputatı kimi təqdim etdiyi amnistiya aktı layihəsi də ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olmuşdur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

Bu siyasətə öz töhfəsini verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva demişdir: “Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”.

Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi həm də humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə imkan yaratmışdır. Mehriban xanım Əliyevanın çoxşaxəli siyasəti yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Təşkilat bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə dəstək olacağını qarşısına məqsəd qoyub.

Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayaraq demişdi ki, Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam.

Vətən müharibəsi başladığı ilk gündən Birinci vitse-prezident Mehriban xanım Əliyeva hərbi forma geyinərək cənab Ali Baş Komandanın yanında oldu. Əlbəttə, bu, rəmzi xarakter daşıyırdı. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyevlə Qarabağa dəfələrlə etdiyi səfərlər zamanı biz Mehriban Əliyevanı əksər hallarda hərbi formada gördük. 2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı – Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə – doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı. Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımi dövlət qayğısı ilə əhatə olunublar.

Ölkəmizin həyatında yeni dövr başlayır – işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən qurulması və dirçəldilməsində fəaliyyətinin əsasında onun xalqa xidmət siyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının xoş gələcəyi, firavan həyat tərzi istəyi, Ulu öndər Heydər Əliyev dərslərinin təcrübəsi dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, cansağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.

Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru