Banqladeşdə Rohinca müsəlmanlarının yaşadığı düşərgədə minlərlə uşaq qida çatışmazlığından əziyyət çəkir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun (UNICEF) Banqladeş nümayəndəsi Rana Flovers məlumat verib.
O, fevral ayında müalicə üçün qəbul edilən uşaqların sayının keçən ilin eyni ayı ilə müqayisədə 2 faiz artdığını bildirib.
Belə ki, bu il hər gün 5 yaşa qədər 38-dən çox uşaq təcili yardıma qəbul edilir.
"Düşərgədəki vəziyyət humanitar yardım təşkilatlarını təcili tədbirlər görməyə məcbur edir. Humanitar yardımların kəsilməsi ailələri həddindən artıq ümidsizliyə sürükləyir" – deyə Rana Flovers əlavə edib.
BMT rəsmisi qeyd edib ki, düşərgələrdə 500 mindən çox uşaq yaşayır və onların 15 faizindən çoxu hazırda qida çatışmazlığından əziyyət çəkir.
Humay Eminqızı
