Meksikada evdə 32 cəsəd aşkar edildi


  • 5 Avqust 15:39

Meksikanın Quanaxuato əyalətində yerləşən tərk edilmiş bir evdə tapılan insan qalıqlarının 32 nəfərə aid olduğu müəyyən edilib.

E-huquq.ax xarici KİV-ə istinadən xəbər verir ki, qalıqlar İrapuato şəhərində itkin düşənlərin axtarışı zamanı aşkarlanıb. Cəsədlərin parçalanmış və qarışıq vəziyyətdə olması səbəbindən hələlik yalnız 17 nəfərin şəxsiyyəti müəyyən olunub, 15 nəfərlə bağlı isə identifikasiya prosesi davam edir.

Yerli mətbuatın məlumatına görə, insan qalıqları plastik torbalar içərisində tapılıb.

Qeyd edək ki, Quanaxuato Meksikanın sənaye baxımından ən inkişaf etmiş əyalətlərindən biri olmaqla yanaşı, eyni zamanda ölkənin ən təhlükəli bölgələrindən biri sayılır. Burada zorakılıq halları əsasən narkotik kartelləri və müxtəlif mütəşəkkil cinayətkar qruplaşmalar arasında gedən münaqişələrlə əlaqələndirilir.

Məsələn, 2024-cü ilin iyun ayında İrapuatoda baş verən silahlı hücum nəticəsində 11 nəfər ölüb, təxminən 20 nəfər isə yaralanıb. May ayında isə eyni şəhərdəki başqa bir tərk edilmiş evdə 17 cəsəd aşkarlanmışdı.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə yalnız Quanaxuatoda 3100-dən çox qətl hadisəsi baş verib ki, bu da ölkə üzrə qeydə alınan bütün qətllərin 10,5%-ni təşkil edir. Həmin il əyalətdə təxminən 3600 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Humay Eminqızı

Oxşar xəbərlər