Britaniya kiçik qayıqla gələn qaçqınları Fransaya geri göndərməyə başlayır


  • 5 Avqust 15:48

Avropa İttifaqının razılığı ilə İngiltərə və Fransa arasında yeni miqrasiya razılaşması qüvvəyə minib. Razılaşmaya əsasən, kiçik qayıqlarla Manş boğazını keçərək qeyri-qanuni yollarla İngiltərəyə daxil olan bəzi qaçqınlar yaxın günlərdə Fransaya geri qaytarılacaq.

E-huquq.az xəbər verir ki, bu razılaşma qarşılıqlı əsasda həyata keçiriləcək. Belə ki, bunun müqabilində İngiltərə də Fransadan müəyyən sayda sığınacaq axtaran şəxsi qanuni və təhlükəsiz yollarla qəbul etməyi öhdəsinə götürüb.

Yeni sistem “bir gəliş, bir gediş” prinsipi ilə işləyəcək. Pilot mərhələdə hər həftə təxminən 50 nəfərin Fransaya geri göndərilməsi planlaşdırılır.

Qaydalara əsasən, kiçik qayıqlarla İngiltərəyə daxil olduqdan sonra Fransaya qaytarılan şəxslər bundan sonra Böyük Britaniyada sığınacaq üçün müraciət edə bilməyəcəklər.

Layihənin 2026-cı ilin iyun ayına qədər sınaq mərhələsində fəaliyyət göstərəcəyi, daha sonra isə qiymətləndirilib davam etdirilib-etdirilməyəcəyinə qərar veriləcəyi bildirilib.

Rəsmilər qeyd edir ki, yay ayları əlverişli hava və dəniz şəraiti səbəbindən qeyri-qanuni keçidlərin sayının kəskin artdığı dövrdür. Təkcə bu il iyulun 30-da 898 nəfər kiçik qayıqlarla İngiltərəyə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər