- 5 Avqust 23:16
Hindistanın Uttarakhand ştatında güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 50-dən çox insanın taleyindən xəbər yoxdur.
E-huquq.az xəbər verir ki, bu barədə "India Today" nəşri məlumat yayıb.
Məlumata görə, torpaq sürüşməsi ştatın Dharali bölgəsində baş verib. Gözlənilmədən başlayan intensiv yağışlar sürüşməyə səbəb olub.
Uttarakhand ştatının baş naziri Puşkar Sinx Dhaminin sözlərinə görə, Hindistan ordusu və digər aidiyyəti xilasedici qruplar hazırda ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.
Dhaminin "X" sosial media platformasında verdiyi açıqlamaya əsasən, bölgə sakinləri təhlükəsiz ərazilərə köçürülüb və zərərçəkənlərə bütün zəruri yardım göstərilir.
Hindistanın daxili işlər naziri Amit Şah da Dhami ilə telefon danışığında bölgəyə hər cür dəstəyin göstəriləcəyini bildirib.
Hadisə şahidlərinin çəkdiyi görüntülərdə torpaq sürüşməsinin evləri və ətrafdakı bitki örtüyünü sürükləyərək aparması aydın görünür.
Axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə