İranda güclü istilər səbəbilə 20 əyalətdə dövlət qurumları bağlandı


  • 5 Avqust 17:29

İranda davam edən ekstremal istilər və artan enerji istehlakı səbəbilə 20 əyalətdə dövlət qurumlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu qərar, enerji sərfiyyatını tənzimləmək məqsədilə qəbul edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, 6 avqust çərşənbə günü istirahət günü elan edilən əyalətlərin siyahısı açıqlanıb. Bunlara Tehran, Fars, Ərdəbil, Kohquliya-Alıcı Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharməhal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əl-Borz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Simnan, İylam, Qum və Gilan əyalətləri daxildir.

Qeyd edək ki, İranın bir çox bölgəsində hava temperaturunun normadan xeyli yuxarı olması səbəbindən enerji qənaətinə yönəlik tədbirlər artırılıb.

Paytaxt Tehranda isə həddindən artıq enerji istehlakının qarşısını almaq məqsədilə son günlərdə müxtəlif bölgələrdə növbəli şəkildə gündəlik 2 saatlıq elektrik kəsintiləri tətbiq olunur.

Xüsusilə kondisionerlərin geniş istifadə edildiyi bu isti günlərdə enerji tələbatının pik həddə çatdığı bildirilir. Bu səbəbdən rəsmi qurumlar əhaliyə dəfələrlə enerji resurslarından qənaətlə istifadə etməyə çağırış ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər