- 18:26
Pakistanın şərqində yerləşən dağlıq Kohistan bölgəsində 28 il əvvəl itkin düşən bir şəxsə aid cəsəd əriməkdə olan buzlağın altından üzə çıxıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, cəsəd, “Lady Vadisi” kimi tanınan ərazidə bir çoban tərəfindən aşkar edilib.
Tapılan cəsədin üzərindəki geyimlərin demək olar ki, tam şəkildə qorunduğu və cəsədin heç bir şəkildə çürümədiyi bildirilib. Cəsədin yaxınlığında tapılan şəxsiyyət vəsiqəsində "Naseeruddin" adı qeyd olunub. Polis bu məlumat əsasında 1997-ci ildə həmin bölgədə qar fırtınası zamanı itkin düşən şəxsi tapıb.
Məlumata görə, Naseeruddin qardaşı Kathiruddin ilə birlikdə evlərini ailədaxili münaqişə səbəbilə tərk edərək atla yola çıxıblar. Onlar səhər saatlarında vadidə olublar. Kathiruddin ifadəsində bildirib ki, qardaşı bir mağaraya daxil olduqdan sonra geri qayıtmayıb və onu axtarsalar da, heç bir iz tapa bilməyiblər.
Uzun illər sonra bölgədə qarın azalması və buzlaqların daha sürətlə əriməsi nəticəsində Naseeruddinin cəsədi gün işığına çıxıb.
Cəsədi tapan çoban Ömər Xan, “Gördüyüm şey inanılmaz idi. Cəsəd tamamilə sağlam idi, hətta geyimləri belə cırılmamışdı,” deyə bildirib.
İslamabaddakı Comsats Universitetinin Ətraf Mühit Elmləri fakültəsinin rəhbəri Prof. Dr. Məhəmməd Bilal bildirib ki, bir insan buzun içinə düşdükdə ani donma baş verir və bu, cəsədin çürüməsinin qarşısını alır. Buzlağın daxilindəki oksigen və rütubət çatışmazlığı isə cəsədin sanki mumiyalanmış vəziyyətdə qalmasına səbəb olur.
Naseeruddinin evli və iki uşaq atası olduğu məlum olub.
Şəbnəm Mehdizadə