İspaniyada meşə yanğınları səbəbindən 1500-dən çox insan təxliyə edildi


  • 15:32

İspaniyanın cənubundakı Kadis vilayətinə bağlı, turistik bölgə sayılan Tarifa şəhərində iki gündür davam edən meşə yanğınları nəticəsində 1500-dən çox insan evlərindən və otellərdən təxliyə olunub.

E-hquuq.az-ın məlumatına görə, Endalusiya muxtar bölgəsinin daxili işlər, sosial dialoq və dövlət idarəçiliyi naziri Antonio Sanz yerli mediaya verdiyi açıqlamada bildirib ki, Tarifadakı düşərgə sahəsində başlayan və sürətlə yayılan yanğınlar səbəbilə ərazidən 5 minə yaxın nəqliyyat vasitəsi də uzaqlaşdırılıb.

Sanz vəziyyətin kritik olduğunu vurğulayaraq bildirib ki, yanğının söndürülməsi üçün havadan 17 təyyarə və helikopter cəlb edilib. Onun sözlərinə görə, bölgədə çox çətin və gərgin bir gecə yaşanıb.

Digər tərəfdən, ölkənin şimalında yerləşən Navarra bölgəsində də dünəndən etibarən başlayan meşə yanğınının söndürülməsi üçün həm qurudan, həm də havadan müdaxilə davam edir.

Portuqaliyada isə yanan meşə ərazilərinin sahəsi 8 dəfə artıb. Portuqaliyanın şimalındakı Vila Real bölgəsində üç gündür davam edən meşə yanğınının nəhayət ki, nəzarət altına alındığı açıqlanıb. Ölkə 3 avqustdan bu yana ekstremal istilərlə əlaqədar olaraq yüksək təhlükə vəziyyətindədir.

Portuqaliya dövlət televiziyası RTP-yə danışan coğrafiya mütəxəssisi Jose Alberto Rio Fernandes bildirib ki, bu il ölkədə təxminən 42 min hektar meşə ərazisi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

Bununla yanaşı, yanğınlarla mübarizədə hava nəqliyyatı vasitələrinin yetərsizliyi ölkə daxilində narazılıqlara səbəb olub. Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Hərbi Hava Qüvvələrinin Sivil Müdafiə Xidməti üçün ayrılmış 3 təyyarə və 7 helikopteri mövcuddur. Lakin hökumətin bu vasitələrin aktiv istifadəsi üçün zəruri ehtiyat hissələrini təmin etməməsi səbəbindən,aviasiya texnikası əməliyyatlara qoşula bilməyib.

İber yarımadasında təsirli olan və temperaturu 42 dərəcəyə çatan yeni isti hava dalğasının sabahdan etibarən zəifləyəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər