Fransanın Aude vilayətində 13 min hektar ərazi yanıb


  • 15:50

Fransanın cənubunda yerləşən Aude vilayətində baş verən böyük meşə yanğını səbəbilə 13 min hektardan çox ərazi külə dönüb. \

E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, Rubaute qəsəbəsində dünən başlayan yanğın güclü külək və ekstremal isti hava şəraiti səbəbilə qısa müddətdə minlərlə hektara yayılıb. Yanğının söndürülməsi üçün təxminən 2 min yanğınsöndürən, 2 təyyarə və 4 helikopter cəlb olunub. Dumanların onlarla metr yüksəldiyi ərazidə yanğının Fransada bu yay müşahidə olunan ən böyük yanğın olduğu bildirilir.

Baş verən yanğında bir qadın həyatını itirib, 7-si yanğınsöndürən olmaqla 9 nəfər yaralanıb. Bölgədəki onlarla yaşayış məntəqəsində əhali təxliyə olunub.

Alovların sürətlə yayılmasının qarşısını almaq və müdaxiləni asanlaşdırmaq məqsədilə bəzi yollar müvəqqəti olaraq bağlanıb.

Yanğınsöndürmə qüvvələri bildirib ki, küləyin sürəti saatda 45-50 kilometrə qədər yüksəldiyindən və havanın temperaturu yüksək olduğundan alovu nəzarətə almaq çətinləşib.

Hadisə ilə bağlı istintaq başladılıb. Ribaute bələdiyyəsinin rəhbəri Alain Kosta, "TF1" telekanalına verdiyi müsahibədə bildirib ki, ilkin ehtimallara görə, yanğın insan laqeydliyi səbəbilə baş verə bilər.

"Yanğın yolun kənarında başlayıb. Böyük ehtimalla atılmış siqaret kötüyü və ya bənzər bir şey səbəbindən alovlanma baş verib. Bu gün də insanların bu qədər məsuliyyətsiz ola bilməsi inanılmazdır", - deyə Kosta qeyd edib.

Fransanın Baş naziri François Bayrou bu gün günorta saatlarında yanğın bölgəsinə səfər edəcək. Onu daxili işlər naziri François-Noel Buffet müşayiət edəcək.

Öz növbəsində Müdafiə naziri Sebastien Lecornu sosial şəbəkə hesabında paylaşım edərək, çətin şəraitdə çalışan hərbi personal və digər yardım qruplarına təşəkkür edib.

Cari il ərzində Aude vilayətində bir neçə böyük miqyaslı yanğın qeydə alınıb. İyulun əvvəlində Narbonne şəhəri yaxınlığında baş verən yanğında 1000-ə yaxın yanğınsöndürən iştirak etsə də, 2 min hektar meşə sahəsi məhv olub.

Bundan əlavə, iyulun 26-da Sigean qəsəbəsində başlayan yanğın 630 nəfərlik müdaxilə ilə söndürülüb, lakin 600 hektar yaşıl sahə külə dönüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər