- 18:26
Avqustun 5-də Yer bir fırlanmanı 1,33 millisaniyə tez tamamlayıb və bu, 86,399,99867 saniyə ilə 2025-ci ilin ən qısa günlərindən birinə çevrilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yerin ulduzlara nisbətən tam fırlanma dövrü olan ulduz günü orta hesabla 23 saat, 56 dəqiqə və 4,0905 saniyə davam edir. Günəş günü isə Yerdən gündə təxminən 1 dərəcə daha çox fırlanmasını tələb edir, çünki o, həm öz oxu, həm də Günəş ətrafında fırlanır. Bu, hər gün təxminən 4 dəqiqə əlavə vaxt deməkdir.
Ancaq bu iki növ gün küləklər, okean axınları, maqma hərəkətləri və Ayın cazibə qüvvəsi kimi amillərə görə bəzən bir neçə millisaniyə qədər qısa və ya uzun ola bilər.
Bu cür kiçik fərqlər əhəmiyyətsiz görünsə də, GPS sistemləri kimi texnologiyalar üçün əhəmiyyət kəsb edir. Məsələn, 1.33 millisaniyəlik bir fərq, Ekvatorda təxminən 62 sm-lik mövqe səhvinə səbəb ola bilər. Bu fərq bir il ərzində yığılsa, 500 metrə qədər səhv meydana gələ bilər.
Qeyd edək ki, kvazarlar Yerin fırlanma sürətini ölçmək üçün səmada istinad nöqtələri kimi istifadə olunur.
1973–2020-ci illər arasında Dünyanın fırlanması yavaşlama meyli göstərirdi. Lakin 2020-ci ildən sonra bu meyl əksinə döndü; Dünya hər il bir az daha sürətlə fırlanmağa başladı. Alimlər bu vəziyyəti Dünyanın nüvəsi ilə mantiyası arasındakı bucaqlı impuls ötürülməsi ilə izah edirlər.
Qeyd edək ki, avqustun 5-i ilə yanaşı, 5 iyul və 22 iyul bu ilin ən qısa günləri kimi seçilir.
Humay Eminqızı