Çində yeni dinozavr növü aşkarlandı


  • 16:42

Çinli alimlər Yunnan əyalətində apardıqları qazıntılar zamanı ot yeyən və uzun boyunlu dinozavrları əhatə edən "Sauropodomorpha" kladına aid yeni bir dinozavr növü aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Onurğalı Paleontologiya və Paleoantropologiya İnstitutu, Çin Geologiya Muzeyi və Yunnan Universitetinin alimləri Yunnanın Vuding bölgəsində tapılmış yaxşı qorunmuş kəllə sümükləri, boyun və onurğa fəqərələri, eləcə də ön ətraf sümüklərini araşdırıblar.

Araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub. Mütəxəssislər müəyyən ediblər ki, erkən Yura dövrünə aid bu fosillər təxminən 200 milyon il əvvələ aiddir. Filogenetik analizlər nəticəsində bu qalığın digər dövr dinozavrlarından fərqli xüsusiyyətlərə malik olduğu təsbit edilib və ona "Wudingloong wui" adı verilib.

Yeni aşkar olunan bu növ, uzun boyunlu və əsasən otçul dinozavrları əhatə edən "Sauropodomorpha" kladının Şərqi Asiyada indiyə qədər qeydə alınmış ən qədim nümayəndəsi kimi elmi ədəbiyyata düşüb.

Araşdırmalar zamanı məlum olub ki, "Wudingloong wui" digər "Sauropodomorpha" növləri ilə müqayisədə daha kiçik ölçülü, nazik kürek sümüyünə, daha uzun barmaqlara və hamar diş minəsinə malik olub. Alimlər bu dinozavrın, ehtimal ki, iki ayaq üzərində hərəkət etdiyini bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər