- 12:23
2025-ci ilin iyul ayı qlobal miqyasda qeydə alınmış ən isti üçüncü iyul ayı olub. Bu dövrdə qlobal orta səth temperaturu 16,68 dərəcə təşkil edib.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ilin iyulu 2023 və 2024-cü illərin rekord istiləri ilə müqayisədə müvafiq olaraq 0,27 və 0,23 dərəcə daha sərin keçib. Bu, dünyada az da olsa, istilikdən rahatlanma yaratmış kimi qiymətləndirilir.
Bununla belə, 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər olan 12 aylıq dövrdə qlobal orta temperatur 1991–2020-ci illərin orta göstəricisindən 0,65, sənaye öncəsi dövr ortalamasından isə 1,53 dərəcə yüksək olub.
Avropada iyul ayında quruda orta temperatur 21,1 dərəcə olub ki, bu da 1991-2020 dövrü ilə müqayisədə 1,3 dərəcə yüksəkdir. Bu göstərici Avropada indiyə qədər müşahidə olunan ən isti dördüncü iyul ayı kimi qeydə alınıb.
Skandinaviya ölkələri - Finlandiya, Danimarka, İsveç və Norveç normadan yuxarı temperatur göstəriciləri ilə seçilib. Xüsusilə İsveç və Finlandiyada isti hava dalğası daha çox hiss olunub.
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 25 iyul tarixində 50,5 dərəcə temperatur qeydə alınıb. Bu, ölkə tarixində indiyə qədər müşahidə olunan ən yüksək temperaturdur.
Avropa xaricində Himalaylar, Çin və Yaponiyada da temperatur göstəriciləri orta səviyyədən yüksək olub.
Dəniz səthi temperaturları ötən ay 20,77 dərəcəyə çataraq, müşahidə tarixində qeydə alınmış ən yüksək üçüncü göstərici kimi qeyd edilib.
Kopernikin direktoru Karlo Buontempo bildirib ki, son iki ilin iyul aylarında müşahidə olunan istilik rekordları bu il nisbətən zəifləyib. Lakin bu, iqlim dəyişikliyinin dayandığı anlamına gəlmir.
Humay Eminqızı