İqlim dəyişikliyinin təsirləri: Temperatur rekordları və gələcək risklər


  • 7 Avqust 16:31

İqlim dəyişikliyi özünü ən çox temperaturun adi hədləri aşması ilə büruzə verir.

E-huquq.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Dünya Hava Hadisələrinin Tədqiqat Mərkəzi (WWA) bildirib ki, bu ilin martında Mərkəzi Asiyada müşahidə olunan isti hava dalğası iqlim normasını təxminən 4 dərəcə üstələyib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, kömür, neft və qaz kimi fosil yanacaqların istifadəsi nəticəsində atmosferə yayılan istixana qazları yaxın illərdə Yer kürəsinin temperaturunu təhlükəli və əvvəlcədən proqnozlaşdırılması çətin olan səviyyələrə yüksəldə bilər.

İndiyə qədər havaya ötürülən artıq istilik enerjisinin təxminən 90 faizi okeanlar tərəfindən udulub. Bu hal, hər nə qədər quru ərazilərdə temperaturun sürətli artımını nisbətən ləngitmiş olsa da, artıq dəniz səthində temperatur tarixdə görünməmiş səviyyəyə çatıb. Alimlərin fikrincə, okeanların istiliyi mənimsəmə potensialı tükənmək üzrədir və bu, gələcəkdə daha çox istiliyin atmosferdə qalmasına gətirib çıxaracaq.

NASA-nın araşdırmalarına görə, son 40 il ərzində həddindən artıq istilərin insan bədəninə təsir edən stress səviyyəsi iki dəfə artıb.

İngiltərədə yerləşən "Imperial College London" və "London Gigiyena və Tropik Tibb Məktəbi" tərəfindən aparılan tədqiqata əsasən, bu ilin iyun və iyul aylarında yaşanan istilər nəticəsində yalnız 12 Avropa şəhərində təxminən 2.300 nəfər həyatını itirib. Ümumilikdə isə 2022-ci ildə Avropada istilə əlaqəli ölüm hallarının sayı 61 minə qədər yüksəlib.

Temperaturun normadan artıq olması təkcə insan sağlamlığına deyil, həm də təbii ekosistemlərə və iqtisadi sahələrə ciddi ziyan vurur. Su çatışmazlığı, quraqlıq, meşə yanğınları və canlı növlərinin azalması bu prosesin əsas nəticələrindəndir.

İsti hava dalğalarına qarşı mübarizə məqsədilə aşağı karbon emissiyalı soyutma texnologiyalarına keçid zəruri sayılır. Məsələn, günəş və külək enerjisi ilə işləyən sistemlərdən istifadə, iş və təhsil fəaliyyətlərinin günün daha sərin saatlarına keçirilməsi, açıq havada çalışanlara daha çox fasilə və su verilməsi, eyni zamanda binaların "ağ dam" texnologiyası ilə sərinləşdirilməsi bu istiqamətdə atıla biləcək mühüm addımlar sırasındadır.

Humay Eminqızı

Oxşar xəbərlər