Ət və süd məhsullarına allergiyaya səbəb olan xəstəlik bütün dünyada yayılmaqdadır


  • 7 Avqust 16:36

Əgər yediyiniz ətdən bir neçə saat sonra bədəninizdə qaşınma, şişkinlik və ya ani ağrılar başlayırsa, problem qida zəhərlənməsi deyil, kənə dişləməsi nəticəsində yaranan və gecikmiş şəkildə ortaya çıxan ət və süd allergiyası ola bilər. Bu xəstəliyin adı "Alfa-Gal" sindromudur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, bu xəstəlik başda ABŞ olmaqla dünya üzrə sürətlə yayılır. Belə ki, ölkədə təxminən 450 min nəfər bu sindromdan əziyyət çəkə bilər.

"Alfa-Gal" sindromu adını "qalaktoza-alfa-1,3-qalaktoza" adlı şəkər molekulundan alır. Bu molekul inək, donuz, dovşan və maral kimi məməlilərin toxumalarında təbii olaraq mövcuddur, lakin insanlarda yoxdur. Bu şəkəri ehtiva edən kənənin tüpürcəyi qan dövranına keçdikdə, immun sistemi onu təhlükə kimi qəbul edir və ona qarşı anticisimlər istehsal etməyə başlayır. Daha sonra bu şəkəri ehtiva edən ət və ya süd məhsulları qəbul edildikdə, immun sistemi bu molekula qarşı səhvən allergik reaksiya verir.

Bu xəstəlik süd, pendir, jelatin, bəzi dərmanlar və hətta bəzi şəxsi qulluq məhsullarında da allergiyaya səbəb ola bilər.

"Alfa-Gal" sindromunun simptomları, yoluxmuş kənə ilə təmasdan 1-3 ay sonra ilk dəfə özünü büruzə edir. Ət və ya süd qəbulundan sonra isə simptomlar 2-6 saat ərzində başlaya bilər. Bu simptomlara qaşınma, qarın ağrısı, ürəkbulanma, ağız, üz və ya boğazda şişmə, hətta anafilaktik şok da daxildir.

Hazırda "Alfa-Gal" sindromunun dəqiq bir müalicəsi mövcud deyil.

Humay Eminqızı

Oxşar xəbərlər