- 12:23
Tədqiqatçılar litium metalının bədəndə təbii olaraq çox az miqdarda mövcud olduğunu və C vitamini və ya dəmir kimi əsas elementlərdən biri olaraq hüceyrə fəaliyyətində rol oynadığını ilk dəfə sübut ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmada, siçanların qida rasionundan litium çıxarıldıqda beyinlərində iltihablanma, neyron zədələnməsi və Alzheimer xəstəliyinə bənzər struktur dəyişikliklərin yarandığı müşahidə olunub. Alzheimerə meylli genetik siçanlarda isə amiloid yığınları və yaddaş itkisi daha sürətli irəliləyib.
Araşdırmanı aparan professor Bryus Yankner bu məlumatların Alzheimer xəstəliyinin əsasında dayanan mexanizmi anlamaq baxımından mühüm bir addım ola biləcəyini qeyd edib.
Araşdırmaya görə, Alzheimer xəstələrinin beyinlərində toplanan amiloid beta yığınları litium molekullarını tutaraq “mikroqlia” adlanan immun hüceyrələrinin bu zərərli zülalları təmizləməsinin qarşısını alır. Bu hal beynin öz tullantı təmizləmə sisteminin çökməsinə səbəb olur.
Yankner və komandası, bu yığınlara bağlanmayan xüsusi bir litium formu - "litium orotat" siçanlara verdikdə amiloid yığınlarında və yaddaş itkisi prosesində geriləmə müşahidə ediblər. Litium verilən siçanlar labirint testlərində yenidən uğur göstərməyə başlayıb.
"Rush" Universitetindən əldə olunan insan beyin nümunələri üzərində aparılan analizlərdə Alzheimer xəstələrində aşağı litium səviyyələri müəyyən edilib. Bu nəticə, “Massachusetts General Hospital”, “Duke” və “Washington” Universitetindəki digər beyin bankalarında da təsdiqlənib.
Alimlərin fikrincə, litium aşağı dozada təbii yolla orqanizmə qəbul edilə bilər. Ən zəngin mənbələr arasında tünd yaşıl yarpaqlı tərəvəzlər, quru yemişlər, paxlalılar, zirə və zərdəçal kimi ədviyyatlar, mineral tərkibli təbii sular var.
"Siçan insan deyil. Heç kim bu araşdırmaya əsaslanaraq litium qəbul etməməlidir", - Yankner vurğulayıb.
Humay Eminqızı